Azərbaycan məktəbliləri Özbəkistanda olublar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi (MOK) ilə birgə həyata keçirdiyi “Olimpiya mədəniyyəti və təhsil proqramı” (OCEP) layihəsi çərçivəsində Bakı şəhər 53 nömrəli orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti Özbəkistanda olub.

Agsaqqallar.com xəbər verir ki, səfər çərçivəsində məktəbin nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.

Mərkəzin direktoru Samir Abbasov qonaqlara Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq münasibətləri və mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzində açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev, Azərbaycan tarixi və Xalça muzeyləri ilə tanış olublar.

Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında 53 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii proqram təqdim edilib. Şagirdlər milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın Dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

Daşkənd şəhərindəki Prezident Məktəbinə də səfər edən nümayəndə heyəti məktəbin təhsil sistemi ilə yaxından tanış olublar. Bundan başqa, qonaqlar məktəbin Steam, kompüter, fizika, kimya otağına və idman zallarına baxıblar.

Səfər çərçivəsində məktəb nümayəndələri və məktəblilər Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə görüşüblər. Görüşdə səfir ölkələr arasında qardaşlıq münasibətləri və hər iki ölkə başçısının xalqların dostluq və əmin-amanlıq şəraitində yaşaması üçün görülən işləri haqqında danışıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

53 nömrəli orta məktəblə Özbəkistanın Əl Biruni adına beynəlxalq orta məktəbi arasında qardaşlaşmış məktəblər haqqında müqavilə imzalanıb.

Azərbaycan nümayəndə heyəti və məktəblilər Özbəkistanın tarixi şəhərləri olan Buxara və Səmərqəndə də səfər ediblər.

Qeyd edək ki, MOK-un OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı, komitənin beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP layihəsi üzrə əlaqələndirici Namiq Cəfərov da səfərdə olublar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR