Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçiriləcək.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb. Dövlətimizin başçısı həmin Zirvə görüşündə bu barədə deyib: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir”.

Həmçinin dövlətimizin başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək Fövqəladə Zirvə görüşünün çağırılması dövlətimizin başçısının qeyd etdiyimiz bəyanatlarının davamıdır. Qardaş Türkiyədə baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olmuşdur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım, 22 milyon 776 min 400 manat (13 milyon 397 min 883 dollar) məbləğində isə birbaşa maliyyə yardım göstərilib. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür.

Təbii ki, heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu Sammitin də məqsədi həm qeyd edilən sahədə praktiki əməkdaşlığın müzakirəsi, həm də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısının Səmərqənd Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, TDT çərçivəsində əməkdaşlığa əlavə praktiki məzmun verilir. Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın qəbul olunması gözlənilir. Həmçinin Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin də imzalanması nəzərdə tutulur.

Qeyd edilməlidir ki, bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Məhz Azərbaycan Prezidenti 2014-cü ilin iyununda Bodrumda keçirilən IV Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Bu təşəbbüslər, atılan konkret addımlar və əldə olunan müsbət nəticələr Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın mötəbər beynəlxalq təşkilatlara uğurlu sədrliyi nəticəsində qazanılmış zəngin təcrübənin, uzaqgörən və təşəbbüskar liderlik qabiliyyətinin göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının sədrliyindən tutmuş mötəbər beynəlxalq təşkilatlara uğurlu rəhbərlik epopeyası şəxsən Prezident İlham Əliyevin və onun sürətlə inkişaf etdirərək dünya arenasında layiqli mövqeyə çatdırdığı müstəqil Azərbaycan Respublikasının ardıcıl nailiyyətləridir. Cəmi yarım ay ərzində – martın 2-də dövlətimizin başçısının sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, martın 9-11-də X Qlobal Bakı Forumunun keçirilməsi, bu gün isə dövlətimizin başçısının TDT-nin fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin çevik, fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəlilədilməsinə və imicinin daha da yüksəlməsinə xidmət edir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR