" />

X Qlobal Bakı Forumu panel iclasları ilə davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusu müzakirə edilib.

İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.

Tedros Adhanom Qebreyesus, eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayıb. “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı. ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci ildönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.

Sonra çıxış edən MT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima koronavirus pandemiyası zamanı vaksinlərin bölüşdürülməsi prosesindən danışıb. Deyib ki, COVID-19-la bağlı pandemiyanın elan olunduğu dövrdən bəri bəzi şirkətlər 38 milyon dollardan çox pul qazanıb. Bu, qarşısı alına bilən xəstəlikdir, lakin vaksinlərdən kasıb ölkələr düzgün paylanılmaması səbəbindən bir çox insan həyatını itirdi. Vaksinlər kütləvi məhsullar kimi satılmalıdır.

Liderləri strukturla bağlı problemləri həll etməyə çağıran Vinni Byanima qeyd edib ki, maddi cəhətdən geri qalan ölkələrdə pandemiya xaos yaradıb. “BMT-də bu məsələ ilə bağlı danışıqlar keçirilməlidir və biz gələcək pandemiyalara hazırlıqlı olmalıyıq. Əgər müəyyən planlar tərtib olunmazsa, daha çox insan həyatını itirə bilər”, – deyə V.Byanyima bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun müavini Nacat Muxtar çıxışında qeyd edib ki, COVID-19 pandemiyası dünyanı bir sıra məsələlərdə 10 il geri atıb. Hazırda dövrümüzün ən böyük bəlalardan birinin də xərçəng xəstəliyi olduğunu deyən N.Muxtar dünyanın bir sıra ölkələrinin bunun müalicəsi üçün lazımi avadanlıqlarının olmadığını diqqətə çatdırıb. O, dünyada xəstəliklərə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç diqqətə çatdırıb ki, COVID-19 dönəmində bir çox insan vəziyyətin ciddiliyini nəzərə almırdı, buna görə də pandemiyanın fəsadları ağır oldu. Bəzi kasıb ölkələrdə gözləniləndən daha çox insan həyatını itirdi. Sabiq Prezident Şərqi Avropada vəziyyətin daha olduğunu deyib, insanların həyatı haqqında daha çox düşünməyin vacibliyini qeyd edib. Pandemiyanın xüsusilə gənclərin həyatına mənfi təsir göstərdiyini vurğulayan F.Vuyanoviç bunun işsizliyə də gətirib çıxardığını deyib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında COVID-19 pandemiyasından sonra yenilənmiş qlobal sağlamlıq arxitekturasının qurulmasının son dərəcə aktual məsələyə çevrildiyini bildirib. Əminəm ki, qlobal sağlamlığın gələcəyinin formalaşdırılması ilə bağlı bugünkü panel müzakirələri bəşəriyyət üçün mümkün sağlamlıq təhdidlərinə qarşı birgə səylərimizin gücləndirilməsinə töhfə verəcək.

Nazir qeyd edib ki, qlobal sağlamlıq üçün riskləri azaltmaq və davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir.

“Sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mərkəzi yer tutur. Qlobal miqyasda gözlənilən ömür uzunluğu artır, buna görə də sağlamlıq mütəxəssisləri bütün həyat boyu sağlamlığına üstünlük verməlidirlər”, – deyən nazir vurğulayıb ki, fərdi həyat tərzi ilə səhiyyə xərcləri arasında əlaqə olduğunu nəzərə alaraq, vətəndaşları sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və hökumətlərlə sağlamlıq məsuliyyətini bölüşməyə təşviq edilməlidir. Fərdlərin davranış dəyişikliyi daha yaxşı sağlamlıq nəticələrinə nail olmaq üçün işləyə bilər.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya diqqətinə çatdırıb ki, Avropada səhiyyə sahəsinə daha yaxşı inkişaf edib. Lakin Avropa ölkələrində ölümlərlə bağlı vəziyyət Azərbaycanla müqayisədə daha pisdir. O, İsveçrə, Azərbaycan kimi ölkələrin enerji ilə zəngin ölkələr olduğunu bildirib.

Hadassa Tibb Mərkəzinin Baş direktoru Yoram Veys koronavirus pandemiyasının ölkələrə və dünya iqtisadiyyatına çox mənfi təsir etdiyini bildirib. Qeyd edib ki, tibb sahəsində yeni tədqiqatların aparılması vacibdir. “Yeni tədqiqatların aparılması təhsillə bilavasitə əlaqəlidir. Hazırda Hadassa Tibb Mərkəzində müxtəlif araşdırmalar aparılır. Kök hüceyrələr, xərçənglə mübarizə üsulları və digər sahələrdəki tədqiqatlarda irəliləyişlər var”, – deyə Baş direktor vurğulayıb.

Birləşmiş Krallığın 2007-2010-cu illər Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun videoçarx vasitəsilə dünya ölkələrinin əvvəlki səflərindən dərs çıxarmalı olduğunu vurğulayıb. O bildirib: “Çox böyük təəssüf hissi ilə deyirəm ki, bəzi ölkələrdə 4 nəfərdən yalnız biri vaksinasiya edilir. Rusiya-Ukrayna müharibəsindən sonra bir çox tibbi ləvazimatlarla bağlı çatışmazlıq müşahidə olunur. Müharibənin davam etdiyi bir vaxtda səhiyyə sahəsinin inkişafı çətinləşir. Səhiyyə sisteminə maliyyə dəstəyin artacağını düşünürəm, lakin bu, kifayət deyil. Aşağı gəlirli ölkələrə təhsil və səhiyyə sahəsində kömək göstərilməlidir. Dünyada xüsusilə infeksion xəstəliklərlə bağlı vəziyyət öyrənilməli və təhlil edilməlidir.

Qordon Braun iqlim dəyişikliyinə də toxunub, bunun səhiyyəyə də təsir göstərdiyini vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR