TAİB-in GT üzvü Hüseyn Babayev: “Dövlətimlə də, millətimlə də fəxr edirəm!”
“Qardaş Türkiyədə baş verən faciə hamımızı sarsıdıb. Milyonlarla insanın zərər çəkdiyi təbii fəlakətin dağıntıları altında minlərlə insan kömək gözləyir. Həyat hadisələrindən heç kim sığortalanmayıb. Bu hər bir ölkədə baş verə bilər”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının üzvü, ictimai fəal Hüseyn Babayev deyib.
O, bildirib ki, fəlakət xəbəri gələn kimi dövlətimiz Türkiyəylə bağlı lazımi tədbirləri görüb, münasib tapşırıqlarını verib.
“Dövlət başçımızın ilk addımı ilə millətimiz də ayaqlandı. Hər yerdə yardımla bağlı yaşanan izdiham ürəkləri riqqətə gətirir. Azərbaycan bütövlükdə mərhəmət dünyasıdır. Möhtərəm prezidentimizin göstərişi ilə yaradılmış yardım mərkəzində saysız-hesabsız insanın şaxta-sazaq demədən qardaş yardımına gəlməsi, birliyimizin möhkəmliyindən xəbər verir. Prezidentimiz cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, bir daha Azərbaycanın qardaş ölkənin yanında olduğunu bildirib, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
1-ci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar göndərir.
Xalqımız lazım olan bütün ləvazimatları, pal-paltarı, yorğan-döşəyi izdihamlı şəkildə uşaqlı-böyüklü yardım mərkəzinə daşıyır. Belə dövlətlə, belə xalqla ancaq və ancaq qürur duymalıyıq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında vurğuladı ki, Qarabağ müharibəsində biz qardaşlarımızın yanında olduğumuz kimi, bu ağır gündə də onlar bizim yanımızdadır.
Türkiyə prezidenti dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Bu gün bir gənc olaraq mən dövlətimlə də, millətimlə də qürur duyuram! Ümidvarıq ki, Türkiyə qüdrətli dövlət olaraq bu çətin dönəmdən də üzüağ çıxacaq.Türk həmrəyliyinin gücü onun gücünə güc qatacaq” – deyə TAİB GT üzvü bildirib.