BÖYÜK QAYIDIŞA START VERİLDİ…
Qədim-qayım yurd yerlərimizdən olan Qərbi Azərbaycan torpaqları özünün zəngin yeraltı, yerüstü sərvətlərilə tarix boyu çoxlarını cəlb edib. Buradakı türklər dinindən asılı olmayaraq öz mədəniyyətlərini bölgənin iqlim və relyefinə uyğunlaşdırmış, istər tikili abidələrində, istərsə də şifahi yaddaşında qədim tarixi izlərini bu günə qədər yaşatmış, günümüzə miras qoyublar. XX əsrdə bir neçə dəfə taleyinə qaçqınlıq, köçkünlük yazılsa da, xalq sınmadı, əyilmədi, qan yaddaşını itirmədi. Köçdüyü, qonduğu hər yerə türk mədəniyyətini daşıdı, qorudu…
Bu gün Qərbi Azərbaycan türkləri dünyanın harasında yaşamalarından asılı olmayaraq adət-ənənələrindən tutmuş mətbəx mədəniyyətinə qədər yaşadırlar. Hətta Bakının özündə belə istər toy mərasimlərindəki, istərsə də yas mərasimlərində oyunları, hava-havacatları, ağıları, çaşırdan tutmuş mərcili əvəliklərinə qədər Qərbi Azərbaycandan olduqlarını göstərir və bununla fəxr edirlər. Onlar mənəvi mədəniyyətlərində yaşadıqları ərazinin bitki örtüyü, təsərrüfat həyatı, dağları, dərələri, meşələri, yaylaq və qışlaqları ilə bağlı məlumat verirlər. Bu da o deməkdir ki, Qərbi Azərbaycan türkləri heç vaxt yurd yerlərini unutmayıblar. Onlar böyük Vətənlərində iş, vəzifə, ev-eşik sahibi olsalar da, kiçik Vətənlərini yaddan çıxartmadılar, daim, qazax şairi Mağcan Cumabayın dediyi kimi, “göbəklərinin kəsildiyi, kirli sularının töküldüyü”, uşaqlıq illərinin yadigarı olan yerlərin həsrəti ilə yaşadılar, yaddaşlarında yaşatdılar, başqa yerlərdə dünyaya göz açan nəvə-nəticələrinə laylalarında, bayatılarında, nağıllarında ötürdülər. Budur insanı yaşadan! Budur xalqı yaşadan!
Uzun illər Qarabağ həsrətilə yaşayan xalqımızın arzusu yerinə yetirildi. Artıq Qərbi Azərbaycana da sahib çıxmağın vaxtıdır. Ali Baş Komandan İlham Əliyevin bu sözləri hər yeni addımında öz təsdiqini tapır: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Artıq Qərbi Azərbaycandan danışmağın da zamanı çatıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb və öz tarixi nitqində deyib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar…”
Qayıdacaqlar və Qarabağda olduğu kimi, erməni vandalların məhv etdikləri abidələrimizi, kənd və şəhərlərimizi bərpa edəcəklər, Onlar tək dağıntıları deyil, eyni zamanda mənəvi mədəniyyətimizi də bərpa edəcəklər. Xalq yaradıcılığı nümunələri, şifahi ədəbiyyatımızın, adət-ənənə və mərasimlərimizin özlərinə illərlə yer elədiyi beyinlərin qatları, anaların, nənənlərin yaddaş boxçaları açılacaq, yenidən o yurd yerlərimizdən toy, bayram sədaları dağları, daşları, gülü, çiçəyi sevindirəcək. Məhz bu yaddaş boxçalarının sorağı ilə biz – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin əməkdaşları 2022-ci ilin avqust ayında Göygöl rayonunda etnoqrafik ekspedisiyada olduq.
Bildiyimiz kimi, Göygöl rayonu ərazisi tarixi, arxeoloji və memarlıq abidələri ilə zəngin olduğu kimi, etnoqrafik cəhətdən də çox diqqət çəkir. Bölgəyə ilk etnoqrafik ekspedisiyamızdan məlum oldu ki, əldə olunan materialları bir neçə mövzu ətrafında cəmləşdirmək olar: almanlarla bağlı materiallar, Alban abidələri, Axıska türkləri, Qərbi Azərbaycandan köçənlərlə bağlı (bütün Göygöl ərazisi), yerli göygöllülərlə bağlı, etnobotanika, etnometereologiya, etnoekologiya və s. və i. Bunların arasında ilk baxışdan sakit, ünsiyyətə çox da meylli olmayan Qərbi Azərbaycan türkləri diqqətimizi daha çox çəkdiklərindən biz də əsas tədqiqatımızı onlara yönəltdik, Şəhriyar, Qarabulaq, Çaykənd və digər kəndlərdə olduq, əhali ilə görüşdük, dəyərli etnoqrafik məlumatlar əldə etdik.
Ötən ilin yayında Göygöl rayonunda apardığımız etnoqrafik ekspedisiya bir daha göstərdi ki, bu bölgədə görüşülən işlər Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasının başladığı işin bir parçası ola bilər. Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını bir vaxtda vaxtilə Qərbi Azərbaycandan Göygöl rayonuna məcburi köçürülən soydaşlarımızla görüşməyimizin, onların etnoqrafik materiallarını əldə etməyimizin, yurd yerləri ilə bağlı ətraflı material toplamağımızın dövlətimizin siyasətinin xeyirinə olacağına ümid edirik.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun və dəstək məqsədilə “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin 2022-ci ilin yayında başladığı iş 2023-cü ildə Prezident İlham Əliyevin tövsiyyə və göstərişlərindən sonra daha məqsədyönlü xarakter alacaq.
Beləliklə, əldə olunan materiallar göstərdi ki, bölgə nisbətən kiçik olsa da, xüsusilə son 35 ildə bir çox tarixi hadisələrə şahidlik etmiş, tarixi Azərbaycan torpaqlarında XIX əsrin sonlarından yerləşdirilən ermənilərin separatçı davranışlarının nəticəsi olaraq bizim daha bir tarixi ərazimizə, indiki Ermənistana köçmələri, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurd yerlərindən qaçqın düşərək Göygöl ərazisində məskunlaşmaq məcburiyyətində qalmaları onların qan yaddaşında dərin izlər buraxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayıdışa start verməsi, Göygöl ərazisində aparılan etnoqrafik ekspedisiyanın dəyərini, əhəmiyyətini daha da artırır və bu ekspedisiyanın 2023-cü ildə də davam etdirilməsinin Qərbi Azərbaycana Qayıdış prosesinə daha çox töhvə verə biləcəyini nəzərə alaraq növbəti mövsümdə Göygöl rayonuna ekspedisiyanın davam etdirilməsinin zəruriliyini düşünürük.
GÜLLÜ YOLOĞLU
tarix elmləri doktoru, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsının müdiri,
TAİB-in Qadınlar Şurasinin sədri