Olimpiya qaliblərimiz İstanbuldakı Hüseyn Cavid adına məktəbdə
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə maraqlı görüş keçirilib. Azərbaycandan riyaziyyat fənni üzrə Beynəlxalq olimpiyadanın qalibi olmuş məktəblilər böyük şairimiz H.Cavidin adını daşıyan orta məktəbi ziyarət ediblər.
Agsaqqallar.com xəbər verir ki, maraqlı tanışlıqdan sonra hər iki ölkədən olan məktəblilər arasında dostluq əlaqələri yaranıb. Azərbaycanlı şagirdlər H.Cavid adına məktəbin fəaliyyətini yüksək dəyərləndiriblər və bu təhsil ocağının Azərbaycandakı bir çox məktəblərdən üstün xüsusiyyətlərinin olmasını qeyd ediblər.
Azərbaycanlı qaliblər öz uğurlarının sirrindən danışaraq H.Cavid adına məktəbin şagirdlərinə çox çalışmalı olduqları barədə tövsiyələr də veriblər.
Məktəbin təsisçisi və direktoru Şərqiyyə Məmmədova İstanbulda fəaliyyət göstərən H.Cavid adına orta məktəbə gələn ziyarətçilərə öz minnətdarlığını bildirib və Vətən qoxusu gətirən bu anlamlı görüş üçün təşəkkürünü ifadə edib.