Gənc müəllimin uğur hekayəsi – Kənd məktəbindən VI qrant müsabiqəsinə qədər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Doğma Azərbaycanımızda gənclərin bilik, bacarıq və peşəkarlıq baxımdan yetişməsi üçün geniş imkanlar mövcuddur. Hər bir gənc də öz istedadına və biliyinə görə müvafiq ixtisasa və peşəyə yiyələnib, qazandıqlarını çalışdığı sahədə tətbiq etməklə Vətən qarşısındakı borcunu yerinə yetirməyə çalışır. Əlbəttə ki, bu cür gənclərimiz çoxdur.

Bu gün gələcəyimizi yetişdirən gənc müəllimlərimiz yaradılan şəraitdən maksimum yararlanaraq müxtəlif müsabiqə və yarışlarda da iştirak edirlər. Zakir Babayev də gənc və istedadlı müəllimlərimizdən biri kimi öz layihəsi ilə qalib gəlib. 8 ildir ki, Şərur rayonunun Püsyan kəndində “Biologiya” fənnini tədris edən Zakir Babayev həm də tam orta məktəbi bu kənddə bitirib. Doğma məktəbdə ona müəllimlik etmiş insanlarla və bir neçə sinif yoldaşı ilə birlikdə çalışan Zakir Babayev bununla qürur duyur.

“Biologiya” fənnini tədris etdiyi məktəbin kollektivini sevindirən isə Zakir Babayevin müsabiqədə öz layihəsi ilə qalib gəlməyidir. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə “Məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında rolunun genişləndirilməsi” layihəsi ilə qalib gəlib.

Təəssüratlarını Missiya.Az-a bölüşən gənc müəllim bildirdi ki, “Layihənin icra edildiyi 3 ay müddətində mənə dəstək olanlar qalib olacağıma inanırdılar. Mən də bundan güc alırdım. Nəticə də ortadadır. Əlbəttə ki, bununla da kifayətlənəcək deyiləm. Çünki, həm özüm və həm də şagirdlərim qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün səylə çalışırıq. Şagirdlərim necə ki, yaxşı oxuduqca, imtahan, müsabiqə və yarışlarda uğur qazandıqca sevinirəm, mənim də uğuruma onlar sevinir. Bizim uğurumuz məktəbimizin uğurudur.”

“Fərdi” kateqoriya üzrə təqdim edilən layihə çərçivəsində köhnə təhsil sistemi ilə yeni təhsil sisteminin müqayisəsi aparılıb və bu zaman qapalı cəmiyyətin kütləvi təhsili ilə açıq cəmiyyətin liberal təhsili arasında ziddiyyətlərin mövcudluğuna toxunulub.

Zakir Babayev layihədə bu problemlərin həlli variantlarını təklif edib- “Təhsil cəmiyyətin fəaliyyətini tənzimləyən və inkişafını təmin edən beş fundamental sosial institutlardan (ailə, din, dövlət, istehsal, təhsil) biridir. Təhsil sistemində liberal dəyərlərə üstünlük verilməsi o deməkdir ki, kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçidlə kütlənin yox, fərdin təhsilalma prosesi diqqət mərkəzinə çəkilməlidir. Fərdi təhsilləndirməklə cəmiyyəti təhsilləndirmək yeni təhsil sisteminin əsas müddəalarındandır. Təhsil insan fəaliyyətinin elə nadir sahəsidir ki, kəmiyyət keyfiyyəti yüksəltmir, əksinə azaldır. Buna görə də keyfiyyətin əxlaq, tərbiyə toplananı bütün ciddiliyi ilə təhsil prosesində nəzarət altında saxlanmalıdır.”

Sonda isə uğur hekayəsi ilə diqqət çəkən gənc müəllim dedi ki, təhsildə yenilik əldə etmək üçün mütləq müasir təhsil sisteminə ayaq uydurmalıyıq və texnologiyaya yaxından bələd olmaqla şagirdlərimizi inandıraraq öyrətməliyik.

Nəriman Sultanoğlu
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR