Prezidentin mesajını Tehran və İrəvan düz oxumalıdır! – Orta Dəhlizə süni Zəngəzur əngəli…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İlham Əliyevin dəhlizlərlə bağlı tez-tez dilə gətirdiyi sözlər bu iki ölkəyə yeganə doğru seçimi etmək üçün verilən daha bir ismarış idi; İran və Ermənistan öz xeyirlərini görə bilmir?

Prezident İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda etdiyi çıxışın mühüm hissəsi ölkəmizin region və Avropa üçün artan iqtisadi, energetik və logistik önəmi barədə oldu.

Qeyd edildi ki, Azərbaycanın bu xüsusda potensialı kifayət qədər böyükdür və hələ tam istifadə olunmayıb. O da vurğulandı ki, bu potensial təkcə ölkəmizin deyil, region və ona qonşu dövlətlərin və xalqların rifahına işləyə bilər. Lakin Prezident Orta Dəhliz kimi irimiqyaslı layihənin icrası üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərini önə çəkdi. Vurğuladı ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi mümkün olmayacaq. Həmçinin istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri kimi sabitlik faktoruna diqqət çəkdi.

“Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlib. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”. Qeyd edildi ki, Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizinin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu artıq hazırdır. Dövlət başçısının sözlərinə görə, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək.

Prezident beləcə, Azərbaycanın və regionun digər ölkələrinin iqtisadi qalxınmasına və rifahına mühüm təkan verəcək optimal iqtisadi-logistik “yol xəritəsi”ni təqdim elədi. Bu xüsusda təbii ki, Zəngəzur dəhlizinin bütün ölkələr, o cümlədən Ermənistanın özü üçün önəminə məxsusi toxundu. Zəngəzur dəhlizi ilə bağlı az qala xof yaşayan İranı və Ermənistanı sakitləşdirmək üçün qeyd elədi ki, Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Yəni heç bir “qırmızı xətt” tapdanıb-edilmir. İlham Əliyevin dəhlizlərlə bağlı tez-tez dilə gətirdiyi sabitlik və təhlükəsizlikdən dolayı fikri də böyük ölçüdə məhz bu iki ölkə və onların pozucu, destruktiv davranışı ilə bağlı idi. Onlara nəhayət, yeganə doğru seçimi etmək üçün verilən daha bir mesaj idi.

“İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir”. Prezident İlham Əliyev bunu da söylədi.

Bəs Prezidentin növbəti ismarışları, nəhayət, Tehran və İrəvanda düzgün oxunacaqmı? İran və Ermənistan nədən bu layihələrdə açıq-aşkar öz xeyirlərini görə bilmir? Onların müqaviməti nə qədər sürəcək? İrandaxili ictimai-siyasi təlatümlərin məsələyə təsiri olacaqmı?

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

Elman Nəsirov

Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Prezident postmünaqişə dövründə həllini gözləyən məsələlər haqda bir sıra fikirlər səsləndirdi: “Bu kontekstdə İran və Ermənistanın hərəkətlərinə də diqqət çəkdi. Əvvəla, Zəngəzur dəhlizi üçtərəfli sənədin 9-cu bəndindən irəli gələn məsələdir. Söhbət həm dəmiryol, həm avtomobil yolu xətlərinin çəkilməsindən gedir. Azərbaycan üzərinə düşəni edir, Horadiz-Ağbənd istiqamətində yol çəkilişlərini həyata keçirir, Ermənistan isə texniki addımlar belə atmayıb. İrəvan heç Zəngəzur dəhlizinin adını çəkmək istəmir. Halbuki bu dəhlizin işə düşməsi Ermənistan üçün hava-su kimi lazımdır. Çünki iqtisadi blokadadır, dənizlərə çıxışı yoxdur və Ermənistana bu nəfəslik lazımdır. Ancaq burada iqtisadi yox, siyasi mülahizələri önə çəkirlər”.

E.Nəsirov bildirdi ki, İran isə dəhlizin işə düşməsini “qırmızı xətt” elan edib: “Bu layihə Tehrana da lazımdır. Amma İran siyasi ambisiyalardan çıxış edir. Burada onun əleyhinə heç bir proses yoxdur. Bu layihələr İran və Ermənistanın iqtisadiyyatına faydalıdır. Ancaq görünür ki, onlar üçün əsas siyasi ambisiyalardır, əhalinin iqtisadi vəziyyətini düşünmürlər. Onlara elə gəlir ki, Azərbaycanın Türk dünyası ilə əlaqələri olacaq. Bunun onlara nə zərəri var? Əksinə, bu layihə İranın “qardaşı” Ermənistanla əlaqələrini yaxşılaşdıracaq. Ona görə cənab Prezident faktlarla bu prosesin mahiyyətini açdı. Biz ümid edirik ki, Ermənistan sözdən əmələ keçsin. Bu olmayacağı təqdirdə, istənilən yolla, hətta güc vasitəsilə hüququn aliliyinin keşiyində dayanmağa hazırıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR