Daşkənd Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.

Agsaqqallar.com xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva görüşüb.

Görüşdə universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi ilə əlaqədar gələcək planlar müzakirə edilib, özbək və Azərbaycan tərəfinin bu işə dəstəyi, qeyd olunan məsələlərlə bağlı bir sıra detallar müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Gülçеhrə Rixsiyeva dövlət başçılarımızın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qaldırıldığını və təhsil sahəsində əməkdaşlıqda da son zamanlar irəliləyişin əldə olunduğunu qeyd edib. O, universitetdə Türkologiya fakültəsinin 2020-ci ildə yarandığını və uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən fakültənin bazasında Azərbaycan dili fakültəsinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor bu istiqamətdə Azərbaycan tərəfinin müvafiq dəstəyini xahiş edib.

Rektor 2023-cü ilin fevral ayından sınaq müddəti olaraq universitetdə Azərbaycan dili fakültəsində dərslərə başlanılacağını, yeni tədris ilindən isə sözügedən fakültəyə qəbul elan ediləcəyini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması işinə dəstəyə görə rektora təşəkkürünü bildirib. S.Abbasov ilkin olaraq yaradılan fakültəyə Azərbaycan Mədəniyyət Mərkəzinin müvafiq dəstək göstərəcəyini bildirib.

Diplomat Samir Abbasov Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin 2023-cü ildə 100 illiyinin geniş qeyd olunacağını və Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edib.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğu, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə – strateji əməkdaşlıq səviyyəsinə qaldırılmasında müstəsna xidmətlərini nəzərə alaraq, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılan Azərbaycan dili fakültəsi üçün auditoriyaya Heydər Əliyevin adının verilməsini təklif edib və təklif qəbul olunub.

Samir Abbasov “Heydər Əliyev auditoriyası”nın təşkili, tərtibatı, auditoriyanın çoxfunksiyalı qurulması, içində müvafiq kitabxananın, dil öyrənilməsi, açıq dərslərin, onlayn mühazirələrin keçirilməsi, auditoriyada Azərbaycanın nailiyyətləri, tariximiz, dövlətçiliyimiz, milli mədəniyyətimizə dair guşələrin təşkili, sənədli və bədii filmlərimizin nümayişinin təmin ediləcəyini bildirib.

Samir Abbasov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilini öyrənmək məqsədilə mütəxəssislər tərəfindən xüsusi onlayn portalın, habelə nəşrin yaradılması üzərində iş getdiyini və yaxın zamanlarda bu layihənin yekunlaşacağını bildirib. O, sözügedən layihənin Azərbaycan dili fakültəsi üçün əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan dili dərslərinin keçiriləcəyi “Heydər Əliyev auditoriyası” üçün xüsusi zal seçiblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR