“Ermənilər BMT-dən danışanda 30 ildə icra etmədikləri qətnamələri xatırlasınlar” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənilər BMT-dən danışanda 30 ildə icra etmədikləri qətnamələri xatırlasınlar” – Ramin Əhmədov

”Ərazi də bizimdir, yol da, oradakı adamlar da!”

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının son iclasında bəzi ölkələrin təmsilçiləri tərəfindən Azərbaycanın ünvanına səsləndirilən fikirlər tamamilə qərəzlidir və hazırkı vəziyyətin mahiyyətindən uzaqdır. Azərbaycan Xankəndinə gedən yolu bağlamayıb. Həmin yolda Azərbaycanın Qeyri-Hökumət Təşkilatları “Ekoloji terrora son” şüarı ilə etiraz aksiyası keçirir, Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin talanması və mədənlərimizin qanunsuz istismarına son qoyulmasını tələb edirlər. Ərazi də bizimdir, yol da, oradakı adamlar da. Addımlarımızı, davranışlarımızı yalnız özümüz müəyyənləşdirə bilərik”.

Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunda yaranmış vəziyyətə həsr olunmuş iclası barədə danışarkən deyib.

Ramin Əhmədov qeyd edib ki, sözügedən iclasda səsləndirilən qərəzli fikirlər Azərbaycanı öz yolundan və haqlı mövqeyindən çəkindirə bilməz: “Bu gün bütün dünya Azərbaycandakı birlik və bərabərliyin sarsılmaz olduğunu müşahidə edir. QHT-lərin Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası da məhz həmrəyliyimizin, xalq olaraq birliyimizin göstəricisidir. Biz yol kəsməmişik. İstədiyimiz odur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki mədənlərimizdə monitorinqlərin aparılmasına şərait yaradılsın”.

Bu gün Ermənistan mətbuatında BMT Təhlükəsizlik Şurasının iclası barədə məlumatların və orada səsləndirilən qərəzli fikirlərin geniş şəkildə tirajlandığını deyən Ramin Əhmədov hesab edir ki, Ermənistan bununla Azərbaycana qarşı təzyiqlərin guya artdığını göstərməyə çalışır: “Ermənilər BMT-yə belə önəm verən idilərsə, niyə bu qurumun Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələbi ilə qəbul etdiyi dörd qətnaməni 30 ilə yaxın müddətdə icra etmədilər? İndi nə oldu ki, BMT-nin, onun Təhlikəsizlik Şurasının əhəmiyyəti bu qədər artdı? Görünür o dərəcədə çıxılmaz vəziyyətdədirlər ki, dünənə qədər önəm vermədikləri bir qurumun Təhlükəsizlik Şurasında səsləndirilmiş növbətçi çıxışlara belə bağlayırlar. Əlbəttə, bütün bunlar əhəmiyyətsiz cəhdlər, mənasız gözləntilərdir. Söhbət əgər Azərbaycanın dövlət və milli maraqlarından gedirsə, burada kənar qüvvələr, hansısa beynəlxalq təşkilatlar təsir gücünə malik ola bilməzlər. Azərbaycanın öz yolu var və cənab Prezidentin dediyi kimi, bizi bu yoldan heç kəs döndərə bilməz”.

Ramin Əhmədov Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını Ermənistanın yalanlarına və bu ölkənin BMT yanındakı daimi nümayəndəliyinin əsassız iddialarına tutarlı cavab kimi qiymətləndirib.

Elcan
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR