TÜRKSOY-un Baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”
“Şuşa türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə, zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq”.
Bu fikirləri mətbuata açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
Baş katib deyib ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Sərəncamına əsasən Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb.
Fəaliyyət planına uyğun olaraq “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək, “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimi olacaq.
Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib:
“Filmlərin nümayişi oktyabr ayında Bakıda keçiriləcək”.
Baş katib Şuşa türk dünyasının mədəniyyət paytaxtı rəsmi bağlanışı ilə bağlı yekun tədbirin isə noyabr ayına planlandığını deyib:
“Bağlanışda estafet 2024-cü ilin türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə veriləcək”.
Baş katib Raev onu da qeyd edib ki, Şuşadakı keçirilən bu proqramların türk dünyası mədəniyyət paytaxtlarında indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacağına və çox rezonans doğuracağına inanır:
“Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Mənim fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, haqsızlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.
Oxşar Xəbərlər
- Adiloğlu” nəşriyyatında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Cografiya institutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova və elmi işçi, “Soydaş” İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının birgə qələmə aldıqları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı çapdan çıxıb. Məsləhətçilər institutun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, və fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. Kitabda Azərbaycanın müstəqillik illərində Gürcüstanla bağlı enerji siyasəti, eləcə də iki ölkə arasında münasibətlərin dərinləşməsi kontekstində Gürcüstanda yaşayan soydaşlarımızın güzəranının yaxşılaşması kimi məsələlər ətraflı təhlil edilir. İlham Əliyevin Gürcüstan siyasəti ilə bağlı yeni kitab
- Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib
- İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib