Azərbaycanın ən yeni tarixini – şanlı Zəfər salnaməsini yazan qətiyyətli sərkərdə
Müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq. Ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət edərək möhtəşəm uğurlar qazanmış, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Güclü Dövlət Konsepsiyası gerçəkliyə çevrilmişdir. Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısı kimi dünya birliyində öz layiqli yerini tutur.
Bu gün xalqımız ikinci ildir ki, Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti və böyük sərkərdəlik qabiliyyəti nəticəsində 30 illik işğala son qoyuldu, tarixi torpaqlarımız düşmən tapdağından azad oldu. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası və “dəmir yumruğu” qarşısında diz çökdü. Bütün beynəlxalq təzyiqlərə məhəl qoymayaraq cənab Prezidentin dünyaya bəyan etdiyi cəsarətli çıxışları və dərin siyasi düşüncə ilə atdığı diplomatik addımlar nəticəsində ata vəsiyyəti parlaq şəkildə yerinə yetirildi.
Böyük Qələbə – 8 Noyabr Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Bu gün Qarabağ yeni dövrünü yaşayır, İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Xalqımız əmindir ki, cənab Prezidentin böyük əməyi və şəxsi nəzarəti sayəsində tezliklə bu ərazilərimiz də cənnətə çevriləcəkdir.
Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri