Özbəkistanda ölkəmizdə keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlanıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “Yoshlar” telekanalının “Sayohatlar shamoli” verilişində Azərbaycan və Türk xalqlarının min illərə söykənən zəngin yaylaq ənənələri və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə ölkəmizdə hər il keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlanıb.
Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə bu il Göygöl rayonunun Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçirilmiş İkinci Milli Yaylaq Festivalı ilə bağlı maraqlı materiallar nümayiş etdirilib.
Jurnalist Mavluda Tashpulatovanın aparıcılığı ilə yayımlanan verilişdə dünyanın 22 ölkəsindən 300-ə yaxın qonağın iştirak etdiyi Milli Yaylaq Festivalının Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaqların və köçəri mədəniyyətin beynəlxalq miqyasda qorunması barədə məlumat əksini tapır.
Aparıcı M.Tashpulatova qeyd edib ki, tədbirdə türk xalqlarının nümayəndələri öz çadırlarının quraşdırılması və tematik guşələrin açılması ilə ölkələrinin mədəniyyətini nümayiş etdiriblər.
Verilişdə “Xan yaylağı”nın ərazisində yerləşən “Yaylaq yurdu”nda yaradılmış etno-qəsəbədə “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr nümayiş etdirilir və onlar haqqında geniş məlumat verilir. Hazırlanmış proqramda tamaşaçılar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının, yerli kollektivlərin çıxışları, milli rəqslər, xalq mahnıları, Azərbaycan mədəniyyətinin nümunələri, səhnə və teatr kompozisiyaları, qədim xalq oyunları, əl işləri, milli geyim nümunələri ilə tanış ola biliblər.
Qeyd olunur ki, Milli Yaylaq Festivalı həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələri və mədəniyyətlərinin qarşılıqlı tanıdılması, bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktik əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.
Müəllif vurğulayır ki, festivalda idman oyunları, atçılıq oyunları , yarışları, səhnəciklər və milli idman növləri nümayiş etdirilib, mədəni-etnoqrafik hissəyə aşıq mahnıları, milli rəqslər (yallı, cəngi), xalq mahnıları, skit və tamaşalar daxil edilib.
Verilişdə festivalda “Yaylaq (idman) oyunları” şərti adı altında qədim ənənələrə əsaslanan yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışlar, nümunəvi çıxışlar nümayiş olunub.