TAİB Türkiyədə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək – Qazi Universiteti də təşkilatçılardan olacaq – Fotolar
Ankarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi – TAİB nümayəndələri bu gün Türkiyə Qazi Universitetinin rektoru, professor Musa Yıldızla görüşüblər.
Azərbaycanlı dostları Ankarada salamlamaqdan məmnun olduğunu deyən Musa Yıldız rəhbərlik etdiyi təhsil ocağının Azərbaycanla əlaqələrindən söz açaraq 44 günlük Vətən Müharibəsi dövrünü xatırlayıb və həmin hadisələri böyük həyəcanla izlədiklərini, əldə olunmuş tarixi zəfərin isə onlara qürur hissi yaşatdığını bildirib.
Rektor qeyd edib ki, Azərbaycanın ictimaiyyət nümayəndələri və media mənsubları ilə tez-tez görüşür və TAİB təmsilçilərinin Qazi Universitetinə gəlişini qardaşlıq mövzusunda söhbətlər aparmaq, eləcə də əlaqələri daha da genişləndirmək üçün daha bir fürsət kimi dəyərləndirir.
Öz növbələrində TAİB nümayəndələri isti qarşılanmaya və göstərilən xoş münasibətə görə Musa Yıldıza təşkkürlərini bildirərək ona səfərin məqsədi barədə ətrafı məlumat veriblər. Qeyd olunub ki, növbəti ildə TAİB iki mühüm beynəlxalq konfrans təşkil edəcək. Onlardan biri Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Türkiyədə düzənlənəcək, digəri konfrans isə Türk Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Bakıda təşkil olunacaq. Konfransların əhəmiyyətini nəzərə alan TAİB rəhbərliyi artıq hazırlıq işlərinə başlayıb və Ankaraya səfər də hazırlıq prosesinin tərkib hissəsidir.
Rektor Musa Yıldız hər iki təşəbbüsü yüksək qiymətləndirdiyini qeyd edərək Heydər Əliyevin 100 illiyi ilə bağlı konfransın təşkilatçılığında iştirak etməyə hazır olduqlarını bildirib. O, konfransın Qazi Universitetində keçirilməsini də təklif edib. Təklifi məmnunluqla qarşılayan TAİB təmsilçiləri Qazi Universitetilə birgə təşkil olunacaq konfransın yüksək səviyyə göstəriciləri ilə seçiləcəyinə əmin olduqlarını bildiriblər. O da razılaşdırılıb ki, qarşıdakı günlərdə konfransın tarixi ilə bağlı işçi qaydada məsləhətləşmələr aparılsın.
Daha sonra TAİB təmsilçilərinin nəzərinə çatdırılıb ki, Orman Bölgə Müdürlüyü ilə birgə həyata keçiririlən yaşıllaşdırma layihəsi çərçivəsində Qazi Universiteti tərəfindən onların hər birinin adına Ankarada ağac əkiləcək. Bunu təsdiq edən xüsusi sertifikatlar rektor tərəfindən qonaqlara təqdim olunub.
Qeyd edək ki, 200-dən artıq azərbaycanlı tələbənin də təhsil aldığı Qazi Universitetinin bağında “Azərbaycan ağacı” da boy verir. Azərbaycan şəhidlərinin ruhuna ehtiramı simvolizə edən bu Çinar ağacının hər bir yarpağı bir şəhid adını tərənnüm etdirir.
TAİB-in nümayəndə heyətinə sədr Sudeif İmamverdiyev, təşkilatın Türk dünyası üzrə həmsədri Hulusi Kılıç, TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.
Oxşar Xəbərlər
- “Yeni Azərbaycan Partiyası bu illər ərzində cəmiyyətin etimadını doğruldub” – Deputat
- Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir.
- Azərbaycan Prezidenti: “Biz öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtdıq”