TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgəndərov: “İranda baş verən hadisələr insanlıq əleyhinə törədilən cinayətlərdir”
“İranda ölkə əhalisinin az qala yarısını azərbaycanlılar təşkil edirlər. Lakin onların məktəbdə doğma dilimizdə dərs almaları qadağandır, hüquqları yoxdur. Dövlət məmurları nə deyirlər-desinlər, fakt ondan ibarətdir ki, ölkədə yaşayan əksər millətlərin hüquqları qorunmur. Hətta mədəni muxtariyyət hüquqları yoxdur. Lakin dili də, dini də İranın dövlət dilinə və dininə uyğun gəlməyən ermənilərə orada hər cür şərait yaradılıb”.
Bu sözlər jurnalistlərə açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgəndərov deyib.
O, bildirib ki, otuz illik erməni işğalı Azərbaycana əyani surətdə bir çox məqamları göstərib. Bu 30 il ərzində İranla sərhəd olan Azərbaycan rayonlarının, kəndlərinin dağıdılmasında, daşının, taxtasının daşınmasında İranın müstəsna canfəşanlığının olduğunu deyən TAİB üzvü onu da qeyd edib ki, heç İranın özü də bunu inkar etmir.
“Onun üçün məscid müqəddəs deyil, müqəddəs olan şəxsi maraqlarıdır. Təki İranın maraqlarını təmin edən ölkə olsun. Təbii ki, bu dövlət də Ermənistandır. Lakin İran onu da anlamalıdır ki, Azərbaycan 30 il bundan qabaqkı deyil. Bu gün İran Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini qısqana bilər. Lakin bu o demək deyil ki, bu münasibətlərə təsir edə bilər. Qonşuluq münasibətlərində nə qədər səmimi olsaq, hər iki xalq, dövlət qazanmış olar. Tarix boyu ortaq mədəniyyətə malik olduğu Azərbaycana böhtan atması İran dövlətinə hörmət gətirməz. Hər bir xalq öz milli kimliyini dərk edir və mübarizə aparır. İran da həmin hadisələrin içindədir”-deyə millət vəkili vurğulayıb.