TAİB-in İH üzvü, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Riyakarlığın və ikiüzlülüyün İran nümunəsi”
“Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı prioritetdir. Hazırkı dövrdə qarşıda dayanan əsas çağırış regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.
Azərbaycan tərəfinin 30 illik işğal dövründə ermənilərin törətdikləri təxribatlara, faciələrə, torpaqlarımızı işğal altında saxlamalarına, bütün bunların nəticəsində bir milyondan artıq soydaşımızın əzablı qaçqın və köçkün vəziyyətində yaşamasına rəğmən Ermənistana sülh müqaviləsini təklif etməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlı olduğunu təsdiqləyir.
Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi hazırkı dövrdə Azərbaycanın əsas hədəfidir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir. Bu çağırış, eyni zamanda, həm region, həm də dünya dövlətlərindən bölgədə cərəyan edən hadisələrə ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma tələb edir. Bu baxımdan son zamanlar İranın regionda sülhün təmin olumasına qarşı atdığı addımlar, xüsusilə Azərbaycana qərəzli münasibəti fonunda Ermənistana göstərdiyi hərtərəfli dəstək bir daha qonşu dövlətin ölkələrarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunub saxlanmasına hansı səviyyədə yanaşma sərgiləməsinə işıq salır. Bu, inkarolunmaz faktdır ki, İranın ermənipərəst mövqeyi zaman-zaman atdığı addımlarda özünü açıq-aydın büruzə verib. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həlli prosesində hər zaman Ermənistanın yanında olan İran 30 il davam edən işğal dövründə sözdə ərazi bütövlüyü prinsipini öndə saxladığını bəyan etsə də əməldə nəinki Ermənistanı təcavüzkar dövlət kimi tanımadı, hətta bu reallığı dilinə gətirməkdən belə çəkindi”.