TAİB-in İdarə Heyətinin üzvləri “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filmin təqdimatında iştirak ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Noyabrın 23-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan, ssenari müəllifi Faiq İsmayılov film haqqında məlumat verərək, ekran əsərində danışılan məscidin tarixindən, həmçinin erməni vandallığına məruz qalmasından bəhs edib. Müəllif bildirib ki, Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidi qala – şəhərin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir: “Məscid həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Məscidin texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana daşınıb. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub və kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb”.
Qeyd edək ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin də rəy verdiyi bu filmin Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə edilməsindən ötrü müvafiq komissiyalara təqdim olunacağı da vurğulanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov da filmi yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, dünya ictimaiyyətini tarixi faktlarla məlumatlandırmaq nöqteyi-nəzərdən əhəmiyyətli bir filmdir və nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər Ağa məscidinin erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşadığını vurğulayıb. Bildirib ki, ermənilərin işğal zamanı bu abidəyə qarşı törətdikləri vandalizmə rəğmən tikili ayaq üstə qala bilib.

Sonda “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli film nümayiş olunub.

Təqdimatda iştirak edən TAİB-in İdarə Heyətinin üzvləri, sədr müavini Eyvaz Qunbatov, Akif Rufullayev, İntizam Komissiyasının sədri Nüsrət Paşayev və Zaməddin Həmişəyev də film barədə Agsaqqallar.com saytına açıqlama veriblər. Onlar bildiriblər ki, bu cür filmlərin istehsalı artırılmalıdır. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu cür sənədli filmlərin özünəməxsus yeri və rolu vardır. Bildirilib ki, ermənilərin yalan informasiyalarına qarşı bu cür faktlarla, isbatlarla durmadan çıxış etməliyik.

Qeyd edək ki, professor Faiq İsmayılov TAİB-in ilk üzvlərindən biridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR