" />

Dan üzü ruhumuza oxunan dua – Bayram Məmmədovdan yubiley yazısı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“525-ci qəzet”i niyə sevirik? Operativliyinə görə, dürüstlüyünə görə, fərqli ictimai-siyasi qəzet kimi tanındığına görə, mədəni-maarif hərəkatının güzgüsü olduğuna görə, ziyalıların və yaradıcı gəncliyin böyük rəğbətini qazandığına görə, milli-mənəvi dəyərlərimizi yaşatdığına görə, Azərbaycanın dövlətçiliyinin söz cəfakeşi olduğuna görə…

“525-ci qəzet” mənə doğma qəzetdir. Tələbəliyimdə dərc edilməyən, Birinci Qarabağ müharibəsində maraqla oxuduğum “525-ci qəzet” könlümün qəzetidir…

Bir dəfə könül dostlarımla Azərbaycan jurnalistikasından danışırdıq. Qəzetdə dərc edilmiş məqalələri xatırlamışdıq, məqalələrin mahiyyətini, Azərbaycan üçün gərəkliyini, gənclərin dünyaduyumuna hansı səviyyədə təsir göstərəcəyini təxminləmişdik. Onda tərəddüd etmədən “Bunlara istinadən “525”ə 525 alqış düşür” – demişdim. Həmsöhbətlərim mənimlə tərəddüdsüz razılaşmışdı. Biri gülümsünərək demişdi: “Bu söhbətimizin mahiyyətini respublikada rəy sorğusuna mövzu eləsək, nəticədə bizimlə həmfikir olanların sayını neçə rəqəmli ədədlə ifadə etmək olar, bunu bilmirəm”. Dostumun səsində qətiyyətli inam vardı…

Professor Asif Rüstəmli yazır: “…Bütün qıtlıqlara rəğmən, cəmiyyət çörəkdən çox, açıq sözün, doğru sözün, səmimi sözün aclığını çəkirdi. Yeni-yeni yaranmaqda olan milli ruhlu qəzetlərin bəziləri şər imperiyasının, sovet ideologiyasının təsirindən xilas olmağın psixoloji çətinliklərini yaşayırdı. Belə bir tutqun, bürkülü ictimai-siyasi mühitdə, 1992-ci il 17 noyabrda, dövlət müstəqilliyini yeni bərpa etmiş Azərbaycan xalqı üçün əlamətdar olan Milli Dirçəliş Günündə özünə, sözünə güvənənlərin “525-ci qəzet”i ilk sayını imperiya ilə qanlı mücadilədən qalib çıxaraq azadlığını, müstəqilliyini bəyan edən ziyalılara, gənclərə, geniş oxucu auditoriyasına ünvanladı”. Bu fikir təkcə sevgi deyil, gerçəkliyin sözlə gerçək ifadəsidir…

1992-ci il noyabr ayının 17-dən üzü bu yana, obrazlı şəkildə desək, xalqın arasında xalqla birlikdə xalq üçün yaşayan “525-ci qəzet” Birinci Qarabağ müharibəsinin tarixinin də söz yükünü çəkirdi. Döyüşlərdən yazırdı, işğaldan yazırdı, döyüşənlərin kürəyini əhalinin nəfəsinin isitməyindən yazırdı, döyüşənlərin döyüş təəssüratlarından yazırdı.

1993-cü ilin yanvarında ordumuzun uğurlu Horadiz əməliyyatı nəticəsində bir qəsəbə, 20 kənd işğaldan azad edildi. “525”imiz bu döyüşlər haqqında istər informativ, istərsə də təhlili məqalələr dərc etməklə müharibə tariximizin xronikasının yazılmasına, tarixləşdirilməsinə mətbu xidmət göstərdi. Xalq gerçəkliyin sözlə ifadəsini bu qəzetdə də tapırdı.

O vaxtlarda mən Zəngilandaydım, hərbi hissə komandirinin müavini idim. Döyüşməyə gələnlərlə söhbətləşməyi həm hərbi zərurət bilirdim, həm də döyüşçünün dünyaduyumunun səviyyəsini müəyyənləşdirəsi vasitə. Onda döyüşə gələnlərin əksəriyyəti “525-ci qəzet”də dərc edilən məqalələrdən təsirləndiyini, bu qəzetin çağırışlarını Vətənin çağırışı bildiyini deyirdi. Yeni yaranan qəzetin yeni yaranan hərbi hissə ilə mənəvi birliyi mənə könül xoşluğu verirdi. Bir dəfə uğurlu əməliyyatların birindən sonra “Sevdiyiniz, sevdiyimiz bu qəzet də bizim döyüş yoldaşımızdır…”, – demişdim. Aradan illər keçəndən sonra keçmiş döyüşçülərlə görüşəndə həmin məqamları da xatırlayırıq. O döyüşçülərdən biri “Komandir, sizin “525-ci qəzet”ə sədaqətinizə çoxumuz həsəd aparırıq. 30 ildir bu qəzet sizin sevgilərlə oxuduğunuz qəzetdir, yazılarınızı da ancaq həmin qəzetdə dərc etdirirsiniz…”, – dedi. Keçmiş əsgərin, bu gün cəmiyyətdə özünəməxsus mövqesi olan dövlət qulluqçusunun fikirlərini yaşadığım illərə görə şükranlıq bildim: Sədaqətli oxucu kimi tanınmışam…

30 il əvvəl Birinci Qarabağ müharibəsi haqqında informasiyalar, məqalələr, reportajlar dərc edən “525-ci qəzet” İkinci Qarabağ müharibəsində də cəbhə xəbərləri dərc edirdi. Bu xə-bərlər jurnalistikanın bütün vacib tələblərinə cavab verirdi, operativliyi ilə, dürüstlüyü ilə, əhatəliliyi ilə fərqlənirdi. Bu səbəblərə görə də oxucular televiziyadan eşitdiklərini bu qəzetdə oxuyacaqları informasiyalarla tamamlamağa çalışırdı. Bu qəzet yadların bilərəkdən ictimailəşdirdiyi yalan informasiyalara da ciddi münasibət bildirirdi. Bu münasibətlər arqumentli münasibətlər olduğundan ictimaiyyətin inamına dönürdü, xeyirxahımız olmayanlar gerçəklik önündə susurdu. Haqqın, ədalətin söz cəfakeşi olan “525-ci qəzet” ictimai fikri dövlətçiliyə yönəltməyi həmişə bacarıb.

2020-ci ilin noyabrında ordumuz Zəfər qazandı. İkinci Qarabağ müharibəsinin ildönümündə “525-ci qəzet” ədalətli müharibəmizin xronikasını günlər üzrə dərc etməklə həm müharibə tarixini yaşadır, həm müharibənin mahiyyətini yaddaşlara köçürür, həm də bu günlə zaman anlamında dünənlər arasında mətbu əlaqə yaradır. “Vətən müharibəsinin xronikası” kimi təqdim edilən bu informasiyalar məlum faktlara yeni münasibətin təzahürüdür. Yeni münasibət qələbəyə görə vətəndaşlıq borcödəməsidir. “525-ci qəzet”ə görə bu informasiyalar Zəfərə gətirən döyüş yolunun konturlarıdır…

“Azərbaycan cəmiyyətinin qəzeti” (akademik İ.Həbibbəyli) olan “525-ci qəzet” ictimai-siyasi qəzet olmaq etibarilə cəmiyyətin mətbu sirdaşıdır.

“525-ci qəzet” ədəbiyyat qəzeti deyil. Bu qəzetin, obrazlı şəkildə desək, “ürəyinin böyüklüyündəndir ki” burada məqalələr də dərc edilir, reportajlar da, yol-səyahət qeydləri də, elmi-publisistik məqalələr də, analitik yazılar da, rəsmi informasiyalar da, şeirlər də; qəzet oxucusu ilə müxtəlif mövzularda “kəlmələşib”, indi də “kəlmələşir”. Qəzetdə dərc edilən ədəbi nümunələr olduqca maraqla, sevgilərlə oxunur. Şahidiyəm, şairlər şeirlərini, nasirlər hekayələrini bu qəzetdə dərc etdirməyə həmişə maraqlı olub. Niyə məhz bu qəzetdə? – oxucusu çoxdur, təqdim edilən hər şeirə əsər münasibəti var, yaradıcılq tələbləri yüksəkdir. Gənc şairlər bu qəzetdə şeiri dərc edilən həmkarını böyük coşqu ilə təbrik edirlər…

Şuşada Vaqif Poeziya Günlərində tədbirin gedişi ilə bağlı məqalələri böyük səxavətlə dərc edən “525-ci qəzet” bir daha təsdiqlədi ki, mətbu söz tarixdir, mətbu sözə biganəlik tarixə biganəlikdir. Vaqif Poeziya Günlərinin Zəfərin davamı kimi təqdim edilməsi də bu mətbu orqanın dövlətə, dövlətçiliyə sədaqətinin təzahürü idi; ədalətli müharibə olmasaydı, bu müharibədə Zəfər qazanılmasaydı, torpaqlarımız işğaldan azad edilməsəydi, neçə on illərdən sonra belə bir poeziya bayramı gerçəkləşə bilməzdi. Qəzetdə dərc edilən təəssüratlar da bu fikrin təsdiqidir. Akademik İsa Həbibbəyli yazır ki, “…ədəbiyyatın əsas arsenalını əhatə etməklə yanaşı, həm də ictimai-siyasi və maarifçi-mədəni mühitin bütün palitrasını özündə cəmləşdirmək baxımından “525-ci qəzet”lə müqayisə ediləcək mətbuat orqanı göstərmək çətindir. Məhz “525-ci qəzet” özünün çoxaspektli fəaliyyətində özünəməxsus ədəbiyyat qəzeti və fərqli bir ictimai-siyasi qəzet olmaqla bərabər, həm də mədəni-maarif hərəkatının güzgüsü olan mətbuat orqanıdır. “525-ci qəzet”in əsas gücü bu mühüm istiqamətlərin hər hansı birinə xüsusi ağırlıq verməsində yox, onların hamısının çox münasib harmoniyasını, vəhdətini yaratmasındadır. Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən “525-ci qəzet” ədəbiyyatçılardan ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir”. Bu qənaət akademikin timsalında Azərbaycan ədəbiyyatının qəzetidir, şübhəsiz…

“525-ci qəzet”də müxtəlif məzmunlu məqalələr dərc edilir. Qəzetdə dərc edilən esselər də böyük maraqla oxunur. Belə esselər həm də ədəbiyyata yeni baxış kimi təqdim edilir. Pərvinin qəzetin şənbə saylarında “Yüz gözəl sevgi şeiri” layihəsi ilə təqdim etdiyi şeirlər, şeirlər haqqında dəyərli fikirlər maraqla oxunub. Bu da qəzetin uğuru hesab edilməlidir; oxucular Pərvinin seçimində gözəl sevgi şeirlərini ədəbiyyat tariximizin “boyu görünən” əsərləri kimi oxuyub…

“525-ci qəzet” həmişə dövlətin, dövlətçiliyin mətbu mühafizəkarı kimi ölkədə gedən bütün proseslərə operativ, obyektiv, ədalətli münasibət bildirib, indi də bildirir. Dövlətçiliyimizə qarşı yönləndirilən bütün cəhdlərə ilkin münasibət bildirən mətbu orqanlardan biri də “525-ci qəzet” olub. O, illlərdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasəti cəmiyyətə çatdırır, ictimai fikrin formalaşmasında böyük xidmətlər göstərir. İkinci Qarabağ müharibəsindən sonra bəzi dövlətlərin, bu sıradan Rusiyanın, Fransanın, İranın Azərbaycana münasibətlərinin mahiyyətinə təhlili mətbu münasibət göstərən “525-ci qəzet” şübhəsiz ki, mətbuat tariximizin bəşəri ənənələrini bundan sonra da öz ruhuna (və ruhumuza!) layiq səviyyədə davam etdirəcəkdir…

“525-ci qəzet” çağdaş jurnalistikamızda jurnalistika məktəbi formalaşdıran mətbu orqan olub.Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxıb. Rəşad Məcidin rəhbərliyi ilə əməkdar jurnalist Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov və digərləri oxucuya təqdim edilən materialların bədii keyfiyyətinə xüsusi diqqət yetirir. Nəticə olaraq jurnalistikamız arzu edilən səviyyəyə yüksəldilir.

“525-ci qəzet”in yubileyidir. Neçə-neçə 30 illər keçəcək, sevdiyimiz qəzet sevilə-sevilə neçə-neçə yazar və oxucu nəslinin qəzeti olacaq…

Səhifələri həmişə yaradıcı fikrə açıq olan “525-ci qəzet” azərbaycançılıq ideologiyasının, ruhumuzun qəzetidir…

Dan yeri ağaranda dünya elə gözəlləşir ki!.. “525-ci qəzet”in hər sayını dan üzü ruhumuza oxunan dua bilirəm…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR