XURŞUD MÜƏLLİM: “AĞBABA KİMİ YURDDAN BULUNMAZ”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xurşud müəllim Aşıq Qənbərdən həmişə söz açardı:
– Yaxşı insandı, oxumağı da, danışığı da ayrı idi. Bir kimsənin könlünə dəyməzdi. Həmişə məni görəndə sanki çiçəyi çırtlayardı, kişinin üzü gülərdi.
– Ay müəllim, bilirsən bizimki niyə tutur?
– Niyə?
– Bax mən deyim, sən qulaq. İkimiz də yetim olmuşuq, əziyyət çəkmişik, amma mənim əziyyətim çox olub. İkimiz də xoş günləri az görmüşük. Ahan beləcə danışanda sinəmə bir neçə xana söz gəlir.
Bəli, Aşıq Qənbər bədahətən söz deyirdi, amma bu son illər xəstəliyim də artdığından, bir az da yaşlılıqdan o kişinin çox sözlərini unutmuşam. Bəzi sözlərindən də bir-iki bənd yadımda qalıb. Bax, görürsənmi, mətləbdən uzaq düşdüm, yenə qayıdıram sözümün davamına. Aşıq Qənbər bədahətən dedi:

Mənim ki yediyim qəmdi, kədərdi,
Bu müxənnət fələk mənə nə verdi?
İngeri, yoldaşı belimi qırdı,
Dedilər kasıbın hökumətidi.

Düzü, bu sözlər mənim də könlümü qanadlandırardı:
– Əbə, yenə bir söz deyərsənmi?
Aşıq gülümsündü:
– Ay səni sağ olasan, bu da pul, var-dövlət deyil ki, olmaya. Allah bunu mənə çox verib, qulaq as.
Bu başdadı avazla oxumağa:

Mənim sözüm sana, sana,
Bu dərdimi sana-sana.
Xoş günümü sanasana,
Hansı çoxdu, hansı azdı?!

Yolum düşdü dəyirmana,
Tənə sözlər dəyir mana.
Vermirsənmi dəyər mana,
Mənim könlüm bahar-yazdı.

Qənbər olan dərdi desəm
Gülüm xoyrat dərdi desəm…
Qəlbi düzə dərdi desəm
Dilə gələn əldə sazdı.

– Sağ ol, əbə, yenə sözün varmı?
– Niyə də olmasın. Pis, mundar, adamlıqda payı olmayanlara da var, deyim, qulaq as. Bax, bunu özündən razı birinə demişəm.

Kotana qoşaram “ho” deyə-deyə,
Səni tək gədəni bir mal yerinə.
Böyüklər görəndə ikiqat olub,
Özünü qoyursan hambal yerinə.

Söyülər, döyürlər, halın pozulmaz,
Mərdlik kitabına adın yazılmaz.
Əyrilik canında əlin üzülməz…
Başında peyin var kamal yerinə.

Bu Aşıq Qənbəri saymırsan, sayma,
Özünü dağların başına qoyma.
Mətini uzağa-yaxına yayma.
Tüpürüm üzünə – camal yerinə…

Dünyanın işi belədir, namərdə, müxənnətə fələk var da verər, dövlət də. Qənbər burda söz deməsin, bəs nə eləsin.
– Sözün ancaq bir bəndi yadımda qalıb.

Niyə əyri olub yarın-yoldaşın?
Varın-variyyatın, pulun, qaş-daşın.
De, necə ucaldın, ərşdədi başın?!
Nataraz gədəsən, sual olunmaz?!

– Müəllim, səhv deməmişəm ki?
– Ay maşallah, əbə, yenə sözün var?
– Bəs mən bayaq demədimmi mənim sözüm çoxdu. Bir də səni görəndə könlüm açılır, söz də sözün dalınca gəlir. Qoy onda birini də deyim.
Yenə də aşığın bədahətən dediyi qoşmanın ancaq bir bəndi yadımda qalıb.
Kim kimi axtardı, kim kimi əzdi?
Səxavət eləmək mərdə əvəzdi.
Qənbər çox aradı, çox yeri gəzdi,
Bu Ağbaba kimi yurddan bulunmaz.

Doğrudan da, düz deyirdi…. Düzdü, neçə illər bundan qabaq biz iki qardaş, yəni mən, qardaşım Şahismayıl Ağbabadan köçüb gəldik Azərbaycana. Sumqayıtda məskunlaşdıq. Amma Ağbaba yadımdan çıxmadı. Heç olmasa ildə biriki dəfə ailəmi, uşaqlarımı da götürüb doğma kəndimə gedər, qohum-əqrəbanı ziyarət edərdim. Amma bu da əlimdən çıxdı, o doğma yerlər düşmən tapdağında qaldı. Aşıq Qənbər haqlı deyirdi, bəli, Ağbaba kimi yurddan bulunmaz.

Tacir Səmimi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR