İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına növbəti səfəri, səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıb. Dövlət başçısının beynəlxalq forumda iştirakı ayrıca bir mühüm hadisədir, çünki beyin mərkəzi tərəfindən ənənəvi olaraq təşkil edilən forumlar daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Eyni zamanda bu, Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilindəki prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu. Avropanın şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi olduqca kritik bir mərhələdən keçir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş yüksək kürsüdən verdiyi mesajlar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə ölkəmizin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da vacib əhəmiyyət kəsb edir.
İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. “The European House – Ambrosetti” həmçinin İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir.
Prezident İlham Əliyev beynəlxalq forumda Avropanın gələcək enerji təhlükəsizliyi, “yaşıl enerji” üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərəfdaşlığın mümkün olması məsələlərindən ətraflı danışıb və xüsusilə vurğulayıb ki, “Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq. Əlbəttə, neft və qaz ilə bağlı diqqətinizə çatdırdığım rəqəmləri nəzərə alsaq, biz özümüzü olduqca rahat hiss edə bilərik. Çünki bizim elektrik enerjisi istehsal edən stansiyalarımız təbii qaz, yanacaq və su ehtiyatlarından istifadə edir.
Ancaq bərpaolunan enerjiyə, xüsusən də bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır”.
Prezidentin İtaliyaya işgüzar səfəri, orada baş tutan görüşlər iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətlidir
Nərmin Cəfərova
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı