Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində ümummilli önəm daşıyan bir hadisədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

31 il əvvəl – 3 sentyabr 1991-ci ildə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.
O zaman Naxçıvan diyarı Azərbaycan rəhbərlərinin ögey münasibəti ilə qarşılaşmışdı. Ermənilər tərəfindən də muxtar respublikaya qarşı ərazi iddiası, kommunikasiyaların kəsilməsi Naxçıvanı blokada vəziyyətinə salmışdı. Azərbaycan rəhbərliyinin bu diyara laqeyd münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi
Belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi, muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.
Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan və Naxçıvan parlamentlərinə seçki kampaniyası ilə bir vaxta düşdü. Naxçıvanlı seçicilər qürur və iftixarla böyük dövlət xadimini hər iki parlamentə deputat seçdilər.
Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvanda dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrü tariximizin mühüm mərhələsi kimi dəyərləndirərək deyib: “Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.
1991-ci ilin avqust–sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında mühüm hadisələr baş verdi. Avqustun sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası işə başlasa da, respublikada yaranmış vəziyyətlə bağlı işi dayanmışdı. Sentyabrın ilk günündə muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb edirdilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların yekdil çıxışları və xalqın təkidi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.
Həmin tarixi sessiyada Heydər Əliyev çıxış edərək bildirdi: “Mən Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram. Eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Heydər Əliyev, ilk növbədə, Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini formalaşdırmağa başladı və buna nail oldu.
Ümuimmilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Heydər Əliyevin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın rəhbəri kimi o, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.
Naxçıvan Muxtar Respublikasında müstəqil dövlət quruculuğu və demokratikləşmə prosesi sürətlə getməkdə idi. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin başçılığı altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar muxtar respublikanın əhalisi tərəfindən tam dəstəklənir və müdafiə edilirdi. Qəbul edilən qərarlar Azərbaycan Respublikasının müstəqilliyinə yönəlmiş addımlar idi.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı. Bu mənada, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə nadir siyasi missiyanın gerçəkləşdirildiyi zaman kəsiyi kimi yer tutur.

Fəridə Rzayeva
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə
nümayəndəliyin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR