Daha yaxşı gələcək naminə!
27 iyun 2022-ci il tarixində Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edərək, strateji planlaşdırma və səmərəli əməkdaşlıq fonunda “2030-cu ilə qədər Dayanıqlı İnkişaf və Yeni Şəhər Gündəliyi” planları şəhərlərimiz üçün daha yaxşı gələcəyə zəmin yaradacağını qeyd etmişdir.
Bakının və respublikamızın digər şəhərlərinin müasirləşdirilməsi və yenidənqurulması üçün imkan və təcrübələrimiz çoxdur. Öz memarlığı, park və bulvarları ilə fərqlənən Bakı ən gözəl şəhərlərdən biri hesab olunur. Ancaq mənfur qonşumuz Ermənistan torpaqlarımızın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi qəsdən dağıdaraq doqquz şəhəri və yüzlərlə kəndi yer üzündən silmişdir.
Azərbaycanın ən böyük sənaye şəhəri olan Ağdam o dərəcədə dağıdılıb ki, xarici jurnalistlər, mütəxəssislər və səyyahlar onu Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra orada hətta bir tikili belə tapılmırdı ki, Azərbaycan bayrağını oraya sancsınlar.
Xarici mütəxəssislər, beynəlxalq nümayəndələr azad edilmiş ərazilərə səfər zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların miqyasını sənədləşdirə bilmişlər.
44 günlük müharibə ərzində 30 illik işğala son qoyulduqdan sonra bütün bu vəhşiliklərə, dağıntılara baxmayaraq Azərbaycan sülh müqaviləsi imzalamaq istəyi ilə hərəkət edir və bunun üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.
Ancaq İrəvanın hərbi cinayətləri sülh dövründə də özünü göstərməkdə davam edir. Belə ki, bu günə qədər bizim üçün ən böyük əngəllərdən biri işğalda olan torpaqlarımızın kütləvi minalanmasıdır ki, bu da məcburi köçkünlərin qayıdışını ləngidən ən böyük amillərdən biridir.
Onu da qeyd etmək lazımdır ki, ilkin hesablamalara görə işğal dövründə Ermənistan həmin ərazilərdə nə az, nə çox, bir milyondan artıq mina basdırıblar. Qonşu düşmən kapitulyasiya aktına qol çəkdikdən sonra ərazilərin təmizlənməsi zamanı 220-dən çox adam həlak olmuş və yaralanmışdır.
Bütün bunlara baxmayaraq, respublikamızda azad edilmiş torpaqlarımızda müasir şəhər planlaşdırılması tətbiq edilir, yaşıl enerji konsepsiyası həyata keçirilir. 30 il ərzində işğaldan əziyyət çəkən doğma torpaqlarına qayıda bilməyən məcburi köçkünlər üçün ilk şərait yaradılmışdır. İlk layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşıb və bu ilin may ayında kəndə ilk sakinlər köçürülüblər. Ağalı kəndi bu gün dünyanın ən müasir kəndlərindən biridir. Cənab Prezidentimiz öz çıxışlarında qeyd edir ki, vandalizmə məruz qalmış və azad olunmuş kənd və qəsəbələrimizin hamısı müasir tipli, gözəl olacaqlar. Təkcə onu demək kifayətdir ki, Füzuli şəhərində 8 ay müddətində Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilibdir.
İşğaldan azad olunan Zəngilan və Laçın rayonlarında isə 2 hava lımanının tikintisi davam edir. Bəzi rayonların baş planları isə artıq hazırdır.
Şuşa şəhərinə gəldikdə isə, onun baş planı onun tarixi irsinin qorunması üzərində qurulub. Bölgənin sənaye şəhəri olan tam dağıdılmış Ağdam isə sənaye mərkəzinə çevriləcək, on minlərlə sakinlər üçün yeni şəhər inşa olunacaqdır. Ağdamda artıq ərazisi 200 hektar təşkil edən Ağdam sənaye parkı fəaliyyət göstərir. Zəngilan şəhəri isə öz təbiətinə uyğun olaraq park şəhərinə çevrilməsi planı üzrə inşa edilir.
Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinə uyğun təhlükəsiz, dözümlü şəhər və kəndlərin inşasıdır. Bütün bunlar Azərbaycanın öz maliyyə resursları hesabına aparılır – deyərək, cənab Prezident öz çıxışında vurğulamışdır.
Ancaq Azərbaycan bu işlərdə tək olmadığı da qeyd olunur. Belə ki, artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma işləri birgə həyata keçirilir.
Biz əminik ki, yaxın gələcəkdə respublikamız bütün bərpa işlərini qurtararaq, vətənimizi gülüzara çevirəcəkdir.
Nizami Rayon Ağsaqqallar Şurasının
sədri Mayıl Əliyev