TAİB nümayəndələri Çingiz Aytmatovun məzarını ziyarət ediblər
Qırğızıstan səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun məzarını, Ata-Beyit Milli Tarix-Memorial Kompleksini və 1937-ci il repressiyalarının qurbanı olan Qırğızıstanın ictimai-siyasi xadimlərinə həsr olunmuş muzeyi ziyarət ediblər.
Bələdçilər qonaqlara məlumat veriblər ki, kompleks 2000-ci ildə inşa edilib və burada həmçinin 2010-cu il ixtişaşlarında həlak olmuş şəxslər də dəfn olunub.
TAİB nümayəndələri yazıçı Çingiz Aytmatovun məzarına tər güllər qoyub, onun ruhunu ehtiramla anıblar.
Muzeyi ziyarət zamanı TAİB nümayəndələrini 1937-38-ci illərdə həyata keçirilmiş repressiyalara dair bir çox tarixi faktlarla tanış ediblər.
Qeyd edək ki, Çingiz Aytmatovun atası Torekul Aytmatov da 1938-ci ildə NKVD əsgərləri tərəfindən gizli şəkildə güllənib. Onun cəsədinin qalıqları yalnız 1990-cı ildə aşkar olunaraq Ata-Beyit Milli Tarix-Memorial Kompleksində basdırılıb. Çingiz Aytmadov vəsiyyət edib ki, onu da atasının uyuduğu kompleksədə dəfn etsinlər.