Böyük idrak və iradəsi ilə mənəviyyatını zənginləşdirən Cəlal Qurbanov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Məşhur ispan dramaturqu Servantes deyir ki, xeyirxahlıq -artığı ziyan verməyən bir əməldir. İnsanın vücudu ruhdan və cismdən ibarətdir. Bədənə həyat verən, onun bütün hərəkətlərini istiqamətləndirən və nizamlayan, insanı şəxsiyyət kimi formalaşdıran  ruhdur. Ruhu pərvaz insanlar  bir yerdə rahat otura bilmirlər. Onlar daima nəsə bir işlə məşğul olmaq, kiməsə yardımçı olmaq hisslərilə yaşayırlar. Belə insanlar çox zaman öz həyatlarını ikinci plana keçirirlər. Vətənə olan sevgisi, insanlara olan mərhəməti onu daima təqib edir, özünü ruhunun apardığı yerdə tapır. Bizim Cəlal Qurbanov kimi.

Mən Cəlal Qurbanovun yaradıcılığı və gördüyü işlər barədə bir neçə dəfə  yazmışam. Amma heç biri bu qədər duyğulu, bu qədər riqqətli olmayıb. Bu günlərdə Cəlal Qurbanov həmişə olduğu kimi yenə də şəhid anaları və balaları ilə Xızı dağlarına, təbiət qoynuna səfər etmişdi. Səfərin görüntüləri təkcə məni deyil, seyr edən hər kəsi öz təsirinə salmışdı. Bu görüntülərdə dəhşət dərəcədə ekzotik gücün təsiri və doğmalıqdan yaranan bir motiv vardı. Sanki çəmənlikdə şəhid balaları ilə oynayan, qaçan Cəlal deyil, öz dogma ataları idi. Şəhid ruhları Cəlalın cismində oynayırdı balaları ilə. Təkrar-təkrar baxdığım bu mənzərəni hər gün seyr etdikcə duyğularım qəlbimin dərinliyində məskən salmış nisgilimə qarışıb gözlərimin pəncərəsindən süzülürdü. Sayğıdəyər bir insanın gördüyü bütün işlər mükəmməl və örnək idi. Yenidən bu yazını yazmaq qərarına gəldim. Yazıram ki, tarixdə qalsın. Qəzet səhifələrində arxivlərdə yaşasın. Oxuyanlar belə bir Vətən oğluyla mənim kimi qürur duysunlar, örnək alsınlar.

Cəlal Qurbanov ziyalı, vətənpərvər bir ailənin şəxsiyyət kimi yetişdirib cəmiyyətə təqdim etdiyi, xeyirxahlıq simvoluna çevrilən vətən oğludur. Mən onu uzun illər öncədən, səngərlərdə əsgərlərin yanına getdiyi vaxtlardan tanıyıram. 44 günlük Vətən Müharibəsi başlayana qədər vətənpərvər mahnıları ilə tanınan, daim hərbçilərin, qazi və şəhid ailələrinin yanında olan mərhəmət dünyasının adamı bu missiyasını böyük zəfərdən sonra daha da gücləndirdi. Xeyirxah qəlbli bu insanın çılğın ruhu və pambıq kimi yumşaq, nəcib ürəyi hər şəhid anasını bağrına basmaqla, hər şəhid övladını oxşayıb başı üstünə qaldırmaqla sakitləşmir, daha çox, daha çox nəsə etmək istəyilə vurur…. 44 günlük Vətən Müharibəsi başlayandan bir ənənə boxçası bağladı xeyirxah insan. Müharibədən bir neçə il keçməsinə baxmayaraq ilk gündən başlayan ənənə davam edir və sona qədər də davam edəcək. Cəlal Qurbanovun ürəyi kimi qapıları da şəhid, qazi ailələrinin üzünə açılıb. Hər şəhid ailəsi, hər qazi bu evə öz evi kimi ərklə girir. Bu evdə, bu ocaqda elin böyük, müdrik  ağsaqqalı, bütün ömrünü dövlət xidmətinə həsr etmiş kamil insan, atası Cavanşir Qurbanovun ziyası, nuru var. Onun çatdığı ocağın istisinə yığışaraq, yaralarına məlhəm olmağa çalışan Cəlalın sevgisinə bürünərək bir ailəyə çevrildilər.

Məşhur filosof Kantın belə bir fikri var: “İnsan təbiət etibarilə heç də mənəviyyatlı deyil, o yalnız idrakının qanun və öhdəliklər anlayışına yüksəlməsi ilə mənəviyyatlı olur”. Böyük idrak və iradəsi ilə mənəviyyatını zənginləşdirən Cəlal Qurbanov xeyirxahlıq nümunəsi kimi dostların ürəyində də özünə kürsü qurub. Xeyirxahlıq mayası insana məhəbbətlə yoğrulmuş humanizm, həm də nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi keyfiyyətləri özündə formalaşdırmış şəxs kamilllik məqamına yüksəlir.

Şəhid, qazi -elə bir böyük, ali ifadədir ki, hər bir kəs bu ifadənin qarşısında özünü vicdan borclusu sayır. Çünki bu məqamın sahibləri VƏTƏN üçün, başqalarının yaxşı yaşamaları üçün öz həyatlarını fəda edirlər. Onlara diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur.

Bu gün cismində, ruhunda  təmənnasız Vətən sevgisi yaşadan fədai Cəlal Qurbanov demək olar ki, hər gününü şəhid balaları, şəhid anaları ilə keçirir. Öz ruhunu şəhid qardaşlarının ruhuyla birləşdirib onlara az da olsa təsəlli olmağa, körpələrin arzularını gerçəkləşdirməyə çalışır.

Cəlal Qurbanov deyir:”Mən uşaqları nə qədər sevirəmsə, açıq etiraf edim ki, şəhid uşaqlarını ikiqat sevgi və duyğu bağı ilə bağrıma basıram. Can borcunu ürəkdən gələn sevgilə qaytarmaq mümkündür yalnız… Biz şəhidlərimizə can borcluyuq! Bunu anlayaraq, onların əmanətlərinə qayğı üçün fürsətlər axtarışındayıq hər gün, hər bayram!  Ayrılıq nəğməsi tez çalındı onlar üçün. Övladlarından doymadan torpaq içindəki beşiklərini yırğalamalı oldular. Amma ömürlük qürur və şərəf alın yazıları oldu. Bütün şəhid analarını sevgimizlə qucaqlayırıq. Allah şəhidlərimizə olan borcumuzu alın açıqlığı ilə qaytarmağı bizə nəsib etsin! Övladlarımın sevinci mənim sevincimdir. Mən “övladlarım” deyəndə bizə əmanət edilən şəhid balalarını da nəzərdə tuturam. Onlar mənim evimin daimi sakinləridirlər, ailə üzvlərimdirlər. Gözlərindəki sevinci görmək məni həm qəhərə boğur, həm də qürurlandırır. Bayramları, özəl günləri bərabər keçirdiyimiz bu balaların yanındayam hər zaman!”.

Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?- deyə sual verdi böyük şairimiz Nazim Hikmət.. Cavabı belə oldu Cəlalın:”Qaranlıqdan aydınlığa qəlbinin işığı ilə çıxa bilərsən. Ruhunu qaraltma, imanının işığını azaltma!”.

Bəli, əziz qardaşım. İndi sənin  gəlişini gözləyənlər, sevinənlər daha çoxdur, Cəlal Qurbanov! Bayaq dostların gözləyirdisə, indi çox böyük bir ailən, yüzlərlə anan, yüzlərlə övladların gözləyir yolunu.

Bir yazıdan müharibənin nə olduğunu oxumuşdum. Müharibə-qan, ölüm olduğu üçün həm də qəmdir, kədərdir, göz yaşlarıdır..Ana fəryadı, qara örpəklər və bu örpəklərin altında gəlinlərin pünhan-pünhan ağaran saçları, birçəkləridir! Pəhləvan cüssəli ataların belə, dizinin taqətini alan şər qüvvədir! Və nəhayət ata həsrətli körpələrin nisgilidir! Bütün bu acı  yaralara məlhəm olmaq üçün sinədə böyük ürək, canda təpər və güclü iradə lazımdır. Ürəyindən qan dama-dama, hər şəhid balasını qucağına alanda içdə inləyə-inləyə körpə üçün gülümsəməyə, hər şəhid anasının kədər püskürən gözlərinə baxmaq üçün bütün qücünü gözlərinə toplayıb dik baxa bilmək üçün… Sən bunu bacardın! Çünki bu gücü, bu qüvvəti onların da sənə olan sevgisi verdi.

Əbu Türxan deyir ki, insanın bütün həyatı böyük məqsədlərə yönəlməlidir. Amma hərdən bir nəfəsini dərmək üçün tez bəhrə verən işlərə də vaxt ayırmaq olar; ( vətənpərvər bir şeir yazmaq kimi) bu şərtlə ki, yenidən yoluna davam edəsən. Sən elə bir işıqlı yola çıxmısan ki, qəlbindən süzülən mərhəmət işığı böyük sevginin verdiyi enerji ilə ömrünün sonuna qədər yolunu aydınladacaq!

Yolun həmişə aydın olsun, insan kimi insan, adam kimi adam!

 

Sevgiylə,

Şərafət Şəfa

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR