Hulusi Kılıç:”Soyqırımdan danışanlar Xocalıya baxsınlar”
Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti yeddi cəbhədə döyüşürdü. Müharibəni fürsət bilən erməni silahlı dəstələri arxa cəbhədə, Şərqi Anadolu bölgəsində minlərlə türkü – qadınları, uşaqları və qocaları işgəncə ilə kütləvi şəkildə qətlə yetirib. Osmanlı dövləti də erməniləri Suriya və Livana köçürüb, yəni döyüş meydanından kənara çıxarıb. Bunun adı yerdəyişmədir, soyqırım deyil.
Bu sözləri 24 aprel qondarma erməni soyqırımı “günü” ilə bağlı Axar.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Hulusi Kılıç bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən soyqırım iddialarının beynəlxalq müstəvidə müzakirə mövzusuna çevrilməsinin məqsədi aydındır:
“Soyqırım iddiaları erməni diasporunun əsas yaşama səbəbidir, erməni kilsəsi buradan mənfəət götürür. Əfsuslar olsun ki, bəzi ölkələr də əllərində heç bir dəlil və sübut olmadan soyqırım yalanını müdafiə edir. ABŞ və Fransa kimi ölkələr soyqırımın olduğunu iddia edərək yalana imza atıblar. Tarixçilər tarixlə, siyasətçilər də siyasətlə məşğul olmalıdırlar. 1915-ci ildə baş verən hadisələrin küllərində soyqırım iddiası axtaranlara mən Xocalını göstərirəm. Onlar Xocalıya baxmalıdırlar. 1992-ci ildə Xocalı xəritədən silinib, amma həmişə hadisələrə ikili standartlarla yanaşan Qərb burada baş verən soyqırıma göz yumub. Halbuki Xocalıdakı soyqırımın görüntüləri, fotoları və şahidləri var. Ancaq biz deyirik ki, it hürər, karvan keçər”.
Diplomatın sözlərinə görə, bu gün daha güclü bir Türkiyə və Azərbaycan var:
“Hətta iki qardaş dövlətin gücünün birləşməsi ilə qüdrətli bir regional güc ortaya çıxıb. Hər kəs bilməlidir ki, bu güc sülh, inkişaf və sabitlik üçündür. Şuşa Bəyannaməsində də qondarma soyqırım iddialarına qarşı birgə əməkdaşlıq nəzərdə tutulub. Erməni diasporu və Ermənistan dövləti, xalqı əsilsiz soyqırım iddialarından birdəfəlik imtina etməli, Türkiyə və Azərbaycanın onlara uzatdığı əlin qiymətini bilməlidir. Çünki bu əldə erməni xalqı üçün çörək var. Siyasi mənfəət qazanmaq üçün yalan iddiaları dəstəkləyənlər tarixdə cinayətkar kimi qalacaqlar. Hazırda erməni gənclərini belə uydurmalarla zəhərləyənlər günahkar və cinayətkardırlar. 1970-ci illərdə Paris, Vyana, Belqrad, Madriddəki və dünyanın bir çox yerində səfir və konsullarımıza qarşı erməni terror təşkilatları xain şəkildə sui-qəsdlər həyata keçirib, terror aktı törədiblər. Nəticədə xeyli sayda diplomatımız şəhid olub. Onların heç bir günahı yox idi, sadəcə sülh üçün çalışırdılar.
Nə edirlərsə etsinlər, haqq öz yerini tapacaq və dövlətlərimizin birgə addımları, qardaşlığı, artan gücümüz və inkişafımız onlar üçün ən yaxşı cavab olacaq”.