Bu gün məşhur idmançının doğum günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İnsanlar həyata gəldikləri gündən böyüdükləri mühitin xarakterində formalaşır və o xüsusiyyətlə cəmiyyətə inteqrasiya olunurlar. Alimlər sübut ediblər ki, havanın da suyun da insanın xarakterinə böyük təsiri var. Söhbət açacağım gənc Azərbaycanın dəyərli və layiqli oğullarından biridir. Naxçıvan MR Şərur rayonu Vərməziyar kəndində dünyaya gəlib Xəyal Sərdar oğlu Əhmədov. Qəhrəman olmaq arzusuyla böyüyən gəncimiz uşaqlıqdan idmana meyilli olsa da heç ağlına da gəlməzdi ki, bir gün Azərbaycanın məşhur idmançısı olacaq və dünya çempionatının qalibi olacaq. Hələ arzular qucağında yaşayan Xəyal Əhmədovun yolu da paytaxtdan düşür. Ailəsilə paytaxtda məskunlaşan idmançı idmanla məşğuliyyəti davam etdirmək üçün Kikboksinq Federasiyasının zalında məşğul olmağa başlayır.

Adi bir təsadüf onu bu idmana bağlayır. Federasiyanın prezidenti, Azərbaycanın dəyərli və xeyirxah oğlu, millət vəkili Adil Əliyevin diqqəti nəticəsində Xəyal Əhmədov yarışlara çıxmağa başlayır. Respublika yarışlarında qələbə qazanan idmançı ölkə hüdudlarından kənara çıxır və çıxdığı vaxtdan etibarən də Azərbaycanı ləyaqətlə təmsil etməyə başlayır. Xatırladım ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışlarda peşəkar idmançı kimi iştirak edir. Bir neçə il bundan öncə Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən peşəkar kikboksinqin K-1 versiyasi üzrə Dünya Kuboku uğrunda döyüşdə erməni idmançısı Qoçaryanı nokuta salmaqla daha da məşhurlaşan idmançımız yarışlarda 81 kq çəkidə çıxış edir. Qeyd edim ki, Xəal Əhmədov tanınmış jurnalist, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədovun qardaşıdı. Xəyalla uzun illər tanış olsam da təvazökarlıqdan həmişə müsahibə verməkdən qaçıb. Deyir, mənim missiyam vətənə layiq, xalqa yararlı oğul olmaq, dövlətə xidmət etməkdir. Həmişə reklamdan suallardan qaçan Xəyaldan söz almaq, müsahib olmaq elə də asan deyil. Əxlaq və mental dəyərlərə verdiyi önəmlə, davranış qabiliyyətilə çox gənclərdən seçilən idmançımız 22 fevral 2015-ci ildə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransının qərarı ilə YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini seçilib.

Azərbaycanın bir çox rayonlarında olduğu kimi 2015-ci sentyabrın 7-də Nizami rayonunda Azərbaycan Kikboksinq Federasiyasının növbəti təlim-məşq mərkəzi istifadəyə verildi. Təlim-məşq mərkəzinə rəhbərlik hər zaman federasiyanın etimadını doğruldan Xəyal Əhmədova həvalə olundu. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon gənclər və idman idarəsi rəisi Qiyas Nəcəfov, tanınmış kikboksçular iştirak ediblər. Yeni idman zalının kikboksçular üçün layihələndirildiyini qeyd edən federasiyanın prezidenti Adil Əliyev Azərbaycanda idmanın inkişafına dövlət qayğısının ildən-ilə artdığını diqqətə çatdırıb. O, kikboksinqin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, Azərbaycanda kifayət qədər geniş yayıldığını vurğulayıb. “Biz gələcək Avropa və dünya çempionları ilə yanaşı, ordumuza layiqli əsgər yetişdiririk. Bu gün zala gələn yeniyetmələr, gənclər, böyüklər Azərbaycan ordusunun əsgərləridir. Dövlətimizin başçısı, Ali Baş Komandan döyüş əmri verərsə federasiyanın kollektivi olaraq həmin əmri icra etməyə hazırıq”.

Xəyal Əhmədov federasiyanın uğurlarından danışarkən onu da vurğuladı ki, bu idman növünü ona sevdirən qardaşı Ramin olub. Bir çox idmançılara maddi-mənəvi dəstək göstərən qardaşı onun üzərində ciddiyyətlə durub və bu qələbə sevinclərində onun da payı var. Qeyd edim ki, Ramin Əhmədov eyni zamanda bir sıra xeyriyyə marafonlarının, dövlət əhəmiyyətli layihələrin müəllifi və təşkilatçısıdı.

Bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edən idmançımız polyak əsilli kikboksçu üzərində parlaq qələbə qazanıb. Xəyal Əhmədov deyir: “Hamımız bilirik ki, 28 May xalqımız üçün önəmli gündü. Qələbə həyəcanı ilə döyüşürdüm. Bu qələbəmi Respublika gününə həsr etmişdim. Mən həmişə Vətənimlə qürur duymuşam. Bu gün hər bir idmançı bilir ki, onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi idmana öz dəstəyini daima göstərir. Bu döyüş bütün döyüşlərdən daha önəmli idi mənim üçün. Bütün duyğumu Vətən, bayraq naminə qələbəyə köklədim və qazandım. Mənə təkan verən bütün insanlara, başda AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər. Bir vaxtlar başqa ölkələri təmsil edən idmançılarımız dövlətimizin başçısının və federasiya prezidentinin bu sahəyə diqqət-qayğısı nəticəsində indi beynəlxalq arenalarda Azərbaycanın dövlət bayrağını uğurla dalğalandırır, himnimizi səsləndirirlər. Qarşıda böyük işlərimiz var.

Yeganə arzum var ki, o da gözəl Qarabağımızda, Şuşada Cıdır düzündə təşkil olunacaq yarışlarda qələbə əldə edim. Ümidvaram ki, bu arzuma çatacağam. Mən bir əsğər olaraq Ali Baş Komandana, Milli Orduya güvənir, o günün tezliklə olacağına inanıram və özüm də hər an torpaqlarımız uğrunda savaşmağa hazıram!”.
Bu gün 9 iyun 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 9 iyun 1993-cü il Azərbaycanın müstəqillik tarixinin uğurlarının Yeni Azərbaycan Partiyasını yaradan Ulu Öndər Heydər Əliyevin qayıdışı münasibətilə keçirilən anım tədbirində daha bir mükafata layiq görüldü Xəyal Əhmədov. Bu dövlətimizin bir daha gənclərə qayğı mesajıdı.

Uğurların bol olsun, Vətən oğlu! Biz sizlərlə qürur duyur, fəxr edirik!!

Azərbaycanın peşəkar kikboksçusu Xəyal Əhmədov
  1. Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR