“Mehriban Əliyeva uğurlu fəaliyyəti və hər kəsə doğma münasibəti ilə xalqın sevgisini qazanıb” – Ramin Əhmədov
“Bu gün Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 5 il ötür. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva vəzifəsini layiqincə yerinə yetirir. Mehriban xanım bu illər ərzində xüsusilə sosial sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas aparıcı qüvvəsinə çevrildi. Məsələn, yüzlərlə məktəbin, uşaq evinin, dini abidənin təmir və bərpasında, həmçinin minlərlə sosial layihənin həyata keçirilməsinə Mehriban xanımın xüsusi iştirakı var. Azərbaycanda koronavirusla mübarizədə aztəminatlı ailələrə, bundan başqa, 44 gün davam edən Vətən müharibəsi dövründə hərbçilərimizə, döyüşlərdən sonra isə şəhid ailələrinə və qazilərimizə dövlət dəstəyinin göstərilməsində Mehriban Əliyevanın müstəsna iştirak payı var”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından ötən 5 il barədə danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir:
“Mehriban Əliyeva xalq arasında böyük nüfuza malikdir və onun gördüyü işlər xalqımız tərəfindən yüksdək qiymətləndirilir. Mehriban xanım həm də Heydər Əliyev Fondunun prezidenti kimi mühüm layihələrə rəhbərlik edir, əhalinin sosial problemlərinin, onların məişət qayğılarının həll olunması ilə bağlı genişmiqyaslı işlərə imza atır. Mehriban Əliyeva uşaqların təhsil almasına, elm və biliklərə yiyələnməsinə böyük önəm verir, onların dərs ləvazimatları ilə təmin olunmasına və ümumilikdə gənc nəsilin milli ruhda böyüməsinə xüsusi maraq göstərir. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva bu illər ərzində gördüyü işlərlə xalqımızın güvənini qazanıb, ümid yerinə çevrilib. O, uğurlu fəaliyyəti və hər kəsə doğma münasibəti ilə insanların sevgisini qazanıb”.
Mehriban Əliyevanın Prezident İlham Əliyevin əsas silahdaşı olduğunu deyən Ramin Əhmədov bildirib ki, onların həm siyasi fəaliyyəti, həm də ailə modeli dünyanın bütün xalqlarına nümunədir:
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan dövlətinin inkişafı, xalqın sosial vəziyyətinin yüksəldilməsi üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Mehriban Əliyevanın bütün təşəbbüsləri və layihələri ümumilli dəstək qazanır. Prezident və birinci xanımın işğaldan azad olunmuş ərazilərə birgə səfərləri, Qarabağın yenidən qurulması üçün göstərdikləri səylər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Əminik ki, qarşıdakı illərdə Mehriban xanımın Xalq və Dövlət namizə daha böyük xidmətlərinə şahidlik edəcəyik”.
Missiya.Az