“Canlı ensiklopediyası”nın 90 yaşı tamam oldu…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Xoş xatirələri qəlbimizdə yaşayan Basqalın böyük ziyalısı Miryavər Hüseynovun timsalında böyük ehtiramla deyirik ki, səndədi, məndədi müəllim ömrü…

… 5 ay əvvəl onun vida yazısında sonluğu belə başa vurmuşdum: “Bu sətirləri necə yazıram, heç özüm də bilmirəm. Hələlik bu yerdə nekroloquma son qoyuram.
Yerin çox, lap çox görünəcək, hörmətli və sevimli əmim!..
Allah Miryavər müəllimə rəhmət eləsin! Yeri behişt olsun. Amin!”
Bəli, yəqin ki, söhbətin kimdən getdiyini duydunuz, əziz dostlar. 90 illik yubileyinə cəmi 5 ay qalmış, atamın – qardaşı Əjdərin ildönümünə qalan 40 günü gözləmədən bu işıqlı dünyaya əlvida deyib axirətinə qovuşan Miryavər Hüseynovu xatırlayacağıq.

Kamil insan

5 ay əvvəl axirət dünyasına yola saldığımız Miryavər müəllimi pandemiya dövrünün gərgin, çətin anlarına baxmayaraq dəfnə gəlib ananların arasında bütün sevənləri – ailə üzvləri, dost-tanışı, həmkarları, keçmiş şagirdləri, rayon təhsil şöbəsinin rəsmiləri, valideynləri var idi. “Valideynlər” sözündən yiyəlik hal şəkilçisini elə-belə ayırmadıq. Şagirdlərinin valideynləri illərlə onun “valideynləri” oldu çünki. Sözdən ayırdığımız bu şəkilçi barəsində danışacağımız o müəllimin şagirdləri ilə arasındakı bağın, şagirdlərinin valideynləri ilə münasibətlərinin nə qədər ayrılmaz olduğunun göstəricisidir. Asan deyil ki. Əlbir olub gələcəyin fidanlarını böyüdürdülər.
Yeri gələndə nazını çəkir, yeri düşəndə tənbeh edir, uşaqların qarşısına sözü bir yerə qoyub, vahid fikirlə, dəyişməz qərarla çıxırdılar. Axı, hələ məktəbə yenicə ayaq açan körpə məktəblilər evdə bir, məktəbdə başqa söz eşidib, ayrı-ayrı qaydalarla qarşılaşsaydılar, verilən tərbiyə bir nəticə verməzdi…
Bizim də sözümüz ONAdı, şagirdi üçün doğru yolun bələdçisinə, məktəbi üçün peşəkar müəllimə, gənc müəllimlər üçün nümunə olan bir müəllimə.
Miryavər Hüseynovu peşəkar, öz işini qəlbən sevən, yetirmələrinin uğurlarına, xoş sədalarına fərəhlənən müəllim, övladlarının, ömür-gün yoldaşı Pərvizə xalanın qayğısına qalan, onları böyüdüb ərsəyə gətirən, sevincli günlərdə üzü gülən, kədərli günlərdə qəmlənən ailə başçısı, yaxşı dostlarının narahatçılığı ilə yaşayan bir İNSAN kimi tanımışam.
Ona görə M.Hüseynov, sözün həqiqi mənasında, hərtərəfli İNSAN idi… Bax, ona görə də yazımın girişində qeyd etdiyim kimi, belə bir müəllimin, ailə başçısının, dostun, əminin, sözün tam anlamında isə kamli İNSANın yeri görünür…

Müəllimini hörmətlə ananlar…

Son zamanlar orta məktəb müəllimlərinin üstünə çox düşür, onları yeri gəldi-gəlmədi tənqid edir, müxtəlif sosial şəbəkələrdən onların ünvanlarına gileylənirlər. Elə bil onları ittiham edənlərin özləri bütdülər. Fikirləşsinlər, görsünlər ki, onların həyatında müəllim olmayıbmı? Guya onları heç tənbeh etməyiblərmi? Miryavər müəllimin yaşıdı olmuş müəllimlərimiz dərs zamanı şuluqluq salanda, nadinclik edəndə, yaxşı oxumayanda, dərsdən qaçanda bizi cəzalandırmayıblarmı? Niyə bəzi valideynlər öz ayranlarına turş demirlər? Müəllim şagirdi haqsız yerə heç vaxt tənbeh etmir. Allah rəhmət eləsin bizim müəllimlərə, vallah, dərs zamanı hədsiz dərəcədə nadinclik edən şagirdinə elə ağır cəzalar veriblər ki? Bu tədbirlərdən onların valideynlərinin belə xəbəri olmayıb. Həmin şagirdlər – yetirmələr zaman keçdikdən sonra başa düşüblər ki, bu cəzalar niyə tətbiq edilib. Onlar bu gün müəllimlərini görəndə az qala əllərindən öpürlər…
Bu faktı nəyə görə qeyd etdim? Əlcabbar, Miryavər, Qüdrət, Dəmir, Rəşid, Əziz, Paşa, Saleh, Bahadur, Səlim, Siyavuş, …. kimi kişi müəllimlərimin ruhları qarşısında baş əyirəm. Bu gün həyatda nəyə nail olmuşamsa, buna görə müəllimlərimə borcluyam və hədsiz minnətdaram. O cümlədən Miryavər müəllimə. O, mənim həm də həyat müəllimim olub.
XATİRƏLƏRDƏN BİR YARPAQ: Bir dəfə də Miryavər müəllimə “Müəllim necə olmalıdır?” – deyə müraciət etdim. O sualıma belə cavab verdi: “Müəllim özündən çox başqaları haqqında düşünən bir insan olmalıdır. Müəllim vicdanının əleyhinə getməyən və gedə bilməyən əqidə sahibi olmalıdır. Müəllim – ömrü tabaşir kimi ağappaq olan ziyalı olmalıdır. Tabaşir qara yazı taxtasını ağartdığı kimi, müəllim də cəmiyyəti ağartmağı bacaran olmalıdır.
Pedaqoji prosesə yeni yanaşma, idarəetmədə yeni (təbii ki, mütərəqqi!) metod və üsullar, müəllim-müəllim, müəllim-şagird münasibətində qarşılıqlı ehtiramın möhkəmləndirilməsi (əslində yaradılması), şagirdlərin dərsə (deməli, kitaba, deməli, tədrisə) münasibətinin möhkəmləndirilməsi və s. məktəbdə tədris prosesini nəzərəçarpacaq dərəcədə nizamlayıb. Onun düşüncəsi həmişə belə olub: Məntiqi baxımdan hamı “çəkici bir yerə vurmalıdır. Belə olduqda hər müəllim çalışdığı məktəbin timsalında təhsilin səviyyəsinin daha da yüksələcəyinin zəmanətidir…”
Şübhəsiz ki, Miryavər Hüseynov özü bu kriteriyalara uyğun gələn bir müəllim idi. Bu mənada o, elə olduğu kimi də görünürdü. Yəni bəziləri kimi deyildi. Bu mənada o həm də kamil bir müəllim idi. Elə bu kamilliyi də onun başına “bəla” oldu..
O, “Əməkdar müəllim” adına layiq görülməli idi. Onun əməlləri və xidmətləri həmin adın bütün kriteriyaları ilə üst-üstə düşürdü. Amma bu gün də mənə məlum deyil ki, ona niyə bu adı vermədilər? Bəlkə ondan təmənna umublar, yalan demiş olaram. Amma onun özünün birdəfəlik bu sevdadan əl çəkməsini də başa düşə bilmirəm. Bu dünyanı tərk etməmişdən bir neçə il qabaq ona Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı verildi.
Tanıdığım iki müəllimə “Əməkdar müəllim” fəxri adının verilməməsi bu gün də məni ciddi narahat edir. Biri Miryavər Hüseynov, digəri isə vaxtilə Xırdalan şəhərindəki orta məktəbdə uzun müddət çalışmış Natiq Səfiyevdir. İkisi də rus dili və ədəbiyyatı müəllimi olub, həm də mətbuatla sıx münasibət saxlayıb. İkisi də bu gün həyatda yoxdur, amma əməlləri və xoş xatirələri yaşayır. Görünür, taleləri bura qədərmiş…

3 il çiyin-çiyinə…

Vaxtilə K.Qasımov (indi isə Birinci Qarabağ müharibəsi şəhidi Rəmzi Novruzovun adını daşıyır) adına Basqal qəsəbə orta məktəbində alman dilindən dərs demiş Rəhilə Rəşidova müəllim yoldaşını belə xatırlayır: “Miryavər müəllimi mənim üçün itirmək çox çətindi. İlk dəfə dərsə gedəndə öyüd-nəsihətimi, tövsiyyələrimi də məhz ondan almışdım. Burada atalıq qayğısı ilə əhatə olunmuşdum. Elə o vaxtdan da normal münasibətimiz yaranmışdı. Nəinki yaxşı müəllim, həm də mehriban insan idi. Bir dəfə də olsun kiminsə ondan şikayət etdiyini eşitmədim. Əksinə, onun sinfi bitən kimi xahişə gələn valideynlərin ardı-arası kəsilmirdi. Hamı uşağını onun sinfinə yerləşdirməyini tələb edirdi. Sonradan eşitdim ki, artıq məktəbdə onun davamçısı olan gənclər, hətta Rayihə qızı dərs deyir. Hər gənc müəllim ondan az da olsa, nəsə öyrənib…
Bu yazıda çoxlu yetirməsinin xatirələrini, fikirlərini qeyd edə bilərəm. Amma bu yazı başqa formada olduğu üçün fikrimdən vaz keçirəm.

Çoxunun güvən yeriymiş…

Dəfnində içi mənqarışıq yetirmələrinin, kənd cavanlarının necə ağladıqlarını, göz yaşı axıtdıqlarını kimsə gərək kənardan müşahidə edəydi!.. Bu kədərli notları vurğulamaqda məqsədim budur ki, sadəcə, onlar üçün deyil, onlarla müəllim, yüzlərlə məktəbli üçün də, sən demə, güvən yeriymiş Miryavər Hüseynov. Bunu görmək ataları ilə bağlı övladlarının ürəyini dağa döndərib: “Ona görə də bu gün atamızın yoxluğu bizimlə bərabər yüzlərlə insana pis təsir edib. Biz bunu atamızın olmadığı son 5 ayda daha aydın görmüşük. Biz onsuz da atamızla fəxr edirdik. Ancaq bu 5 ayda onun düşündüyümüzdən, bildiyimizdən çox sevildiyini gördük və daha çox qürur duyduq atamızla. Ancaq bizim ona hələ çox ehtiyacımız vardı. Bəlkə də övladın atasına ehtiyacı heç vaxt bitmir. Çünki ötən bu 5 ayda hər gün onun yeri görünüb həyatımızda”.

Miryavər baba

Yubilyarımızın həyatından danışarkən mütləq onun baba olduğunu da nəzərə almalıyıq. Hacı İlqarın 3, Seyid Rəsulun 2, Rayihənin 2, Zəfərin 3 övladı – bu şirin-şəkər nəvələr ona babalıq hissini yaşadıblar. Özü də necə baba! İndiyədək nəvələrinin birinin də xətrinə dəyməyib, onlara “gözün üstdə qaşın var” deməyib. Nəvələri ondan ancaq sevgi, qayğı görüb. Heç birinə də fərq qoymayıb. Həmişə onlara kişinin necə olmalı olduğunu öyrədər, ata-ananın əziyyətini qiymətləndirmələrini tövsiyyə edərdi. Nəvələr belə hesab edirlər ki, onsuz həyat çox darıxdırıcıdır. Bu yoxluqdan sonra onlar sanki dil açıb demək istəyirlər: Əziz baba, biz sənin istədiyin kimi olacağıq. Səndən bizə yadigar qalan nənəmizə daha yaxşı baxacağıq”.
Miryavər Hüseynov həm sözü yerində deməyi bacaran, həm də ibrətamiz rəvayətlərlə fikirlərini rövnəqləndirən bir müəllim idi. Üstəlik, müəllimlərə qiymət verməyi bacarmayanlara qarşı barışmaz idi. Məncə, bu məqamda illər öncə Miryavər müəllimdən eşitdiyim bir hekayəti nəql etmək də yerinə düşər.
XATİRƏLƏRİMDƏN BİR YARPAQ: “Bir dəfə müəllim dostlarından biri saatını təmir etdirmək üçün saatsazın yanına gəlir. Usta cavan bir oğlanın saatını təmir edirmiş. O, müəllimə oturmağı təklif edir. Müəllim: – Yanında adam var, sonra gələrəm, – deyir. Saatsaz isə müəllimə belə cavab verir:
– Əgər o, adam olsaydı, sizi görəndə ayağa qalxıb yerini müəllimə verərdi. Onun saatının geri qalmağının xalq üçün fərqi yoxdur, müəllimin saatı isə gərək düz işləsin!..

Ataların dostluğu övladların timsalında

Böyük oğlu Hacı İlqarla illərdir dostam. Elə bil atalarımızın 82 illik dostluqlarının davamçıları bizik. Biz bir-birimizə “əmioğlu” deyə müraciət edirik. İkimiz də atalarımızın mehriban ünsiyyətdə olduqlarını görmüşük. Hətta ikimizin ayrı-ayrı vaxtlarda uzaq ellərdə hərbi xidmətlərimiz vaxtı atalarımız birlikdə bizə baş çəkib, hal-əhval tutub, yaxşı xidmətimiz üçün komandanlıqdan belə xahiş ediblər. Bizi belə uzaq illərin dostluğu bir-birimizə bağlayır. Bu illərdə elə bir məqam olmayıb ki, biz bir-birimizdən inciyək, sözümüzü qəbul etməyək. Bu xasiyyət bizə atalarımızdan keçmədir!
Hacı İlqarın dediklərindən: “Vallah, ölümü ürəyinə dammamışdı atamın. Həmişə telefonla əlaqə saxlayır, biz qardaşlardan hansının, mənim, Seyid Rəsulun, Zəfərin vaxtı olurdusa, tez-tez valideynlərimizə baş çəkir, hal-əhval tuturdu. Bacımız Rayihə isə orada yaşadığı üçün bir an belə ata-anamızı yalqız buraxmır, günün istənilən çağlarında onlara baş çəkirdi. Kiçik qardaşım Zəfər atam dünyasını dəyişməzdən bir ay qabaq yanında idi. Vəziyyətinin pisləşdiyini görən qardaşım atamız dünyasını dəyişən anadək onun yanında qaldı, hər bir əziyyətini çəkdi, nəvaziş göstərdi, sağlamlıq durumunun yaxşılaşması üçün qayğı göstərdi. Bunu özünün övladlıq borcu hesab edən, üstəlik özünün ataya göstərdiyi qayğıdan narazı qalan Zəfər qardaşımız hələ də ona ehtiyacı olduğunu yana-yana, acı təəssüf hissi ilə dilə gətirir.
Atamıza son vaxtlar bacılarım Zenfira və Arzunun, aralarında bir neçə il fərq olmaq şərtilə, bu dünyanı erkən tərk etməsi çox təsir etmiş, demək olar ki, belini qırmışdı. Ata, ana üçün övlad itkisini, onun ağır fəsadlarını gözləriniz önünə gətirin. Bu itki, cismani yoxluq nəinki övladların, hətta valideynlərin də arzu-istəklərinin məhv olub getməsidir, çiçəkləməkdə olan gülün solmasıdır…

Müəllim atanın müəllim qızı

Miryavər Hüseynov Azərbaycan məktəbində keçdiyi dərsi ilə sevgi qazanan yüzlərlə müəllimdən biri idi. Basqal qəsəbə orta məktəbində onun əlindən su içən onlarla müəllim olduğu kimi, onun kimi peşəkar müəllim olacaq kadrlar da getdikcə çoxalmışdı. Ondan, onun kimi peşəkarlardan öyrəndikləri ilə sinfə girib böyük uğura imza atanların sayı ildən-ilə artmışdı. Bu gün qəsəbədki orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Payihə xanım müəllimliyin bütün sirrlərini ondan öyrənib. Sadəcə peşəkarlığı ilə deyil, ruhuyla, qanıyla, iliyinə kimi müəllim olana qədər o, neçə peşəkarın təcrübəsini paylaşıb, dərsini dinləyib, metodunu öyrənib. Ancaq onun ən böyük müəllimi evdəki atası olub. Miryavər Hüseynovun qızı Rayihə də elə atası kimi adlı-sanlı müəllimdirsə, burada təəccüblü nə var ki?

Səndədi, məndədi müəllim ömrü…

XATİRƏLƏRİMDƏN DAHA BİR YARPAQ: Təxminən 10-12 il əvvəl ağır xəstələnmişdi. Bakıda cərrahiyyə əməliyyatı keçirmişdi. Ona baş çəkməyi özümüzə mənəvi borc bildik. Alçın Şirin Zadə, Xeyrulla Ağayev, böyük oğlu Hacı İlqar və mən xəstəxanaya getdik. Hal-əhval tutduq. Ustad söhbəti ustalıqla tədrisə çəkirdi. Onu bu düşüncələrin “əlindən almaq” üçün müxtəlif səpkili suallarla müraciət edirdik. Aldığımız cavabları onun – peşəkar pedaqoqun, böyük elmi, savadı və yazmaq qabiliyyəti olan müəllimin, dərin zəka sahibinin, erudisiyalı ziyalının düşüncələrinin doğmalığında düşüncələrimizə köçürürdük. O vaxtdan bəri şəxsən mən hərdən həmin söhbətin də xiffətini çəkirəm. Ustad ömrünə, müəllim ömrünə ehtiram kimi…
Bu yaxınlarda orta məktəb müəllimim Rəhilə xanımın 60 illiyinə yazdığım oçerkdə qeyd etmişdim ki, müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər.
Miryavər müəllim kifayət qədər geniş erudisiyaya malik ziyalı idi, dünya ədəbiyyatına bələdliyi onun ünsiyyətdə olduğu adamlarla maraqlı söhbətləri təmin edirdi. Söz sözü çəkdikcə ümumi söhbət yenə pedaqoji mövzuyla tamamlanırdı…
…Qibtəediləcək vətəndaş ömrü on illərlə şagirdlərinin ömrünə paylanıb. Bu gün də Miryavər Hüseynovun timsalında böyük ehtiramla deyirik ki, səndədi, məndədi müəllim ömrü…
Haqqında qürurla, fəxrlə danışdığım, sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ata, çox səmimi iş yoldaşı, dürüst, mədəni, saf əqidə sahibi, tanınmış yazıçı-jurnalist, ömrünün son anlarınadək yaşadığı Basqalın “canlı ensiklopediyası”, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Tərəqqi” medallı Miryavər Mirrəsul oğlu Hüseynzadə yaşasaydı, bu gün 90 illik yubileyinin işığına toplaşmışdıq. Hər il bu vaxtlarda onunla telefonla əlaqə saxlayır, şəhadət gününü təbrik edirdim. Bu gün isə hamımız onun məzarı başına toplaşacaq, 90-ını orada qeyd edəcəyik.
Və bir ağızdan deyəcəyik: Bizim sizə böyük ehtiyacımız var, əziz Miryavər müəllim! Yeriniz dünən də görünürdü, bu gün də görünür və sabah da görünəcək.
Cənnətdəki yubileyiniz mübarək olsun!

Daşdəmir ƏJDƏROĞLU

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR