Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan–Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan MR-in avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının muxtar respublika ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.

Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

İclasda “Bakı–İstanbul–Bakı” marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR