“Ermənistandakı seçkinin nəticəsi DƏMİR YUMRUĞUN təsiridir” – Ramin Əhmədov
“İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində hazırki baş nazir Nikol Paşinyanın qalib gəlməsi, erməni cəmiyyətinin regionda yaranmış yeni reallıqlarla barışmağa meyilləndiyini düşünməyə əsas verir. Əlbəttə, erməni cəmiyyətində müşahidə olunan dəyişikliklərdə Prezident İlham Əliyevin uzun illər həyata keçirdiyi düzgün siyasətin və 44 günlük Vətən Müharibəsinin böyük payı var. Azərbaycan prezidenti bu illər ərzində milli maraqlarımıza xidmət edən siyasət apardı, iqtisadi gücümüzü artırdı, Ordumuzu gücləndirdi və ölkəmizi regionun güc mərkəzinə çevirdi. Ermənistan isə bu müddət ərzində regiondakı bütün iqtisadi layihələrdən kənarda saxlanıldı. Nəticədə ölkə iqtisadiyyatı inkişaf etmədi, əhali səfalətə məhkum edildi. Azərbaycan həm də diplomatik sferada erməni diasporunu darmadağın etdi. Erməni yalanları ifşa olundu və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində genişmiqyaslı və effektiv tədbirlər həyata keçirildi”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi barədə danışarkən deyib.
Ramin Əhmədov qeyd edib ki, Ermənistanda keçirilən seçkilərin nəticələri Qərbin Rusiya üzərində qələbəsi kimi də şərh oluna bilər: “Məlumdur ki, Nikol Paşinyan Ermənistanda Qərbyönümlü siyasət aparır və Rusiyanın mövqelərini zəiflətməklə məşğuldur. Həmçinin Paşinyanın Soros Fondu ilə yaxın əlaqələrinin olması heç kimə sirr deyil. Qərb Paşinyana, Rusiya isə keçmiş prezident Robert Köçəryana dəstək göstərdi. Seçki ərəfəsində Nikol Paşinyanın əsas rəqibi Robert Köçəryan ölkə mediasında ardıcıl şəkildə anti-Azərbaycan ritorikalı çıxışlar etdi, müsahibələr verdi. Lakin bütün bu kimi cəhdlər heç bir nəticə vermədi və erməni xalqı revanşist qüvvələrə “yox” dedi”.
YAP rəsmisinin sözlərinə görə, erməni xalqı Paşinyana səs verməklə 30 ilə yaxın Ermənistanı səfalətə sürükləyən, yalançı ideologiyalarla millətin başını qatan, qonşuların torpaqlarına göz dikən Köçəryan-Sarkisyan cütlüyünü tarixin arxivinə göndərdi.
“Ermənistanda 20 ildən çox “Qarabağ klanı” hakimiyyətdə oldu. Onlar xalqın başını yalançı ideologiyalarla qatdılar, ölkənin inkişafına heç bir təkan vermədilər. Xalq zamanla ayıldı ki, Qarabağ və “Qarabağ klanı” onlara heç bir xoş gələcək vəd etmir. Ona görə də bu seçkilərdə Qarabağ Azərbaycandır həqiqətinə səs verdilər. Əlbəttə, burada DƏMİR YUMRUĞUN qorxusu da var. Başa düşürlər ki, Azərbaycan kimi güclü və hərtərəfli inkişaf etmiş ölkə ilə düşmənçilik etməyin heç bir faydası yoxdur. Artıq bundan sonra hər şey Nikol Paşinyanın həyata keçirəcəyi siyasi kursdan asılıdır. Ermənistan inkişaf etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə bütün düşmənçiliyi aradan qaldırmalı, regionda yaranmış yeni reallıqlardan bəhrələnməyə çalışmalıdır”.
Missiya.Az