“Pakistan-Azərbaycan münasibətləri dərin tarixi köklərə dayanır”.
Bunu Pakistan İslam Respublikasının iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan Azərbaycan səfirliyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.
O, iki ölkə arasındakı səmimi münasibətlərdən məmnunluğunu ifadə edib və əlaqələrin bütün sahələrdə, xüsusilə iqtisadi-ticari sahədə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Ömər Əyyub Xan Azərbaycanın 44 günlük Vətən müharibəsinə toxunaraq Azərbaycan Ordusunun peşəkarlığını yüksək qiymətləndirib və zəfər münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Ömər Əyyub Xan Azərbaycan-Pakistan əlaqələrinin inkişafında və gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunub.