Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfirini qəbul edib
Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağcının etimadnaməsinin surətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov səfir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.
Nazir Ceyhun Bayramov, həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.
Səfir Cahit Bağcı qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir Cahit Bağçı, iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.