“Türkiyəni hədəflərindən yayındırmağa çalışırlar” – Ramin Əhmədov
“Türkdilli dövlətlər arasında əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsində isə heç şübhəsiz ki, Azərbaycan və Türkiyə aparıcı rol oynayacaq”.
“ABŞ prezidenti Co Baydenin qondarma erməni “soyqırımını” tanıması tarixi səhvdir. Çünki ABŞ-da da yaxşı bilirlər ki, erməni tarixi yalanlar üzərində qurulub. Osmanlı İmperiyasının zamanında baş vermiş hadisələri “soyqırım” kimi qələmə vermək və dünyaya sırımaq növbəti erməni yalanıdır. Digər tərəfdən, bu hadisələrin “soyqırım” olub-olmamasına siyasətçilər deyil, tarixçilər qərar verməlidir. Amma görünən odur ki, ABŞ erməni diasporunu razı salmaq üçün onların yalanlarına ortaq olur. Baydenin bu qərarı ABŞ-ın beynəlxalq maraqlarına böyük zərbə olacaq. Çünki Türkiyənin necə bir təmiz tarixə malik olduğunu bütün siyasi təşkilatlar, dövlətlər və xalqlar yaxşı bilir. Azərbaycan rəhbərliyinin də bu məsələdə mövqeyi qətidir. Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında qardaş ölkəyə böyük dəstəyini ifadə edib və Baydenin verdiyi qərarı kəskin şəkildə qınayıb”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov ABŞ prezidenti Co Baydenin qondarma erməni “soyqırımı”nı tanıması barədə danışarkən deyib.
YAP rəsmisi bildirib ki, Bayden ABŞ-ın çirkli tarixi barədə açıqlamalar versə, daha yaxşı olar: “ABŞ tarix boyu qaradərili əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirib, Yaponiyanın iki böyük şəhərinə tərəddüd etmədən nüvə silahı atıb, həmçinin “demokratiya” adı altında ölkələri viran qoyub. Dünya ABŞ-ın Vyetnamda, Əfqanıstanda, İraqda, Suriyada törətdiyi qırğınları, kütləvi qətilləri, viran qoyduğu şəhərləri unutmayıb. Co Bayden əgər dünyaya həqiqətən də ədalətin, insan haqlarının hökm etdiyini göstərmək istəyirdisə, o zaman ermənilərin 1918-ci ildə Azərbaycanda törətdiyi “Mart soyqırımı”na, 1992-ci ildə törətdiyi “Xocalı soyqırımı”na lazımi qiyməti verməli idi. Ermənistan qondarma “soyqırım” barədə tarixi sənədləri açmağa cürət etməsə də, Azərbaycan Xocalı və Mart soyqırımları ilə bağlı bütün sənədləri və görüntüləri nümayiş etdirməyə, müzakirə mühiti yaratmağa hazırdır”.
Ramin Əhmədov Co Baydenin siyasi maraqları naminə belə qalmaqallı addım atdığını deyib. O bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra regionda yaranan yeni reallıqlar ABŞ-dakı ermənipərəst qüvvələri ciddi narahat edir: “Qardaş ölkənin Suriya, Liviya, Ukrayna münaqişələrində, Azərbaycanla Ermənistan arasında baş vermiş İkinci Qarabağ Müharibəsində oynadığı rola bir çox qlobal güclər qısqanclıqla yanaşırlar. Türkiyənin qüdrəti artdıqca, dünyanın idarəçiliyində payı olan qüvvələr onu sıxışdırmağa, hədəflərindən yayındırmağa çalışırlar. Lakin bütün bunlarla Türkiyəni yolundan döndərə bilməyəcəklər. Türkiyə, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qlobal oyunçuya çevrilib. Bu prosesin qarşısını heç bir güc ala bilməz. İndi Baydenin “soyqırım” sözü işlətməsi nə tarixi həqiqəti dəyişəcək, nə də Türkiyənin beynəlxalq nüfuzunə təsir edəcək. Əksinə, Türkiyə dostlarını və düşmənlərini yaxşı tanıyacaq və hədəflərə çatmaq üçün daha əzmlə çalışacaq. Prezident Bayden öz davranışı ilə yalnız ABŞ-ın qlobal maraqlarına zərbə vurdu. Çünki ABŞ Türkiyə kimi nüfuzlu və regional təsir gücü olan müttəfiqini itirmək üzrədir. Təbii ki, Türkiyənin ABŞ-la yaranan soyuq münasibətləri fonunda Ankara Vaşinqtonun rəqibləri ilə yaxın münasibətlər quracaq. Digər tərəfdən, baş verənlər Türk birliyinin daha sıx əməkdaşlıq etməsinə ciddi zəmin yaradır. Türkdilli dövlətlər arasında əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsində isə heç şübhəsiz ki, Azərbaycan və Türkiyə aparıcı rol oynayacaq”.
Missiya.Az