Haqqımızda Əlaqə

Akademik Südeyif İmamverdiyev:”Bütün dünya birdəfəlik bilməlidir ki….”-Müsahibə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

 

Dəyərli el ağsaqqalı, tanınmış uroloq, akademik Südeyif  İmamverdiyevin “Türk Dünyası Ağsaqqalları” qəzetinə müsahibəsi.

Bu gün Azərbaycanda baş verən proseslər və son hadisələr sizə hansı hissləri yaşadır?

 Doğrudur. Bu gün biz yaşadığımız tarixi hadisələrin fonunda ən qürurlu günlərimizi yaşayırıq. Azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə düçar oldular. Dağlıq Qarabağdan və  ətrafda olan yeddi rayondan, öz doğma tarixi-etnik torpaqlarından kütləvi qətl və qırğınlara məruz qalaraq didərgin salındılar. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri ermənilər tərəfindən dağıdılıb xarabaya çevrildi.

Zaman keçdi. O gün gəldi! İndi bütün qisaslar alınır. Qarabağda şanlı bayrağımız dalğalanır. Hamı kimi bunun sevincini yaşamaq mənə də nəsib oldu. Çox şükür ki, bu günü gördük. Möhtərəm prezidentimiz yaratdığı nizami və rəşadətli ordumuz, Ali Baş Komandanın təbirincə desək, erməniləri iti qovan kimi qovur Qarabağdan. Təsəvvür edirsizmi, Cəbrayılda, Zəngilanda, Qubadlıda azan səsi eşidildi, şanlı bayrağımızın altında buz bağlayan yurdlar canlanıbdı sanki. Nə qədər gözəl, nə qədər möhtəşəm bir görüntü yaratdı prezidentimiz.

– Bizim sevincimizə kədər qatan hadisələr də var. Sizcə ermənilərin dinc əhaliyə atəş açmasının səbəbi nədir?

– Erənilər hər zaman o mövqedə olublar. Onların xisləti barədə görkəmli şəxslərin yetərincə şərhləri var.  Bütün dünya birdəfəlik bilməlidir ki, Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Baxın, bu gün Vətən müharibəsi gedir. Azərbaycan haqq savaşında, öz doğma torpaqları uğrunda mübarizə aparır. Bizim ordunun hədəfi dinc əhali deyil. Amma Ermənistan tərəfinin raket zərbələri nəticəsində dinc sakinlər həlak olur.  Gəncə,  Goranboy,  Tərtər,  Bərdə, bunlar döyüş bölgəsindən kənarda yerləşir. Mülki əhalinin hədəf alınması, azərbaycanlılara qarşı terror və genosiddir.Ermənilər uduzduqlarını bilirlər. Acizliklərini dinc əhalini hədəf almaqla bildirirlər. Lakin unudurlar ki Azərbaycan xalqını bununla qorxuda bilməzlər. Görürsüzmü, raket, mərmi atılan ərazilərdə heç bir vətəndaşımız yurdunu tərk etmir. Budur azərbaycanlı olmağın böyük hikməti! Budur xalqın mərdlik və iradəsi! Sarsılmazlığı! Böyüklüyü, ucalığı! Bunun özü də Ali Baş Komandana dəstək olmaqdı. Eşq olsun qarabağlılara, eşq olsun xalqımıza! İtkilərə üzülərək qürurlanırıq!

– 30 il davam edən, bütün düyaya amadə olan bu münaqişədə, hər zaman olduğu kimi beynəlxalq aləm və əlaqədar təşkilatlar  yenə də öz mövqelərini dəyişmir, Ermənistanın müharibə cinayəti törətməsinə göz yumurlar. 

– Beynəlxalq təşkilatlar indiyə kimi nə iş gördülər ki? Ermənistan tərəfi onların sözünə, konvensiyalarına məhəl belə qoymadılar bu qədər zamanda. Bu təşkilatlar hər zaman biganə qaldılar bu hadısələrə. Bunun altında yəqindir ki, onların siyasi maraqları durur. Bizim torpaqlarımızınn geri qaytarılması üçün kifayət qədər ən müasir standartlara cavab verən hərbi-texniki təchizatımız, güclü Ordumuz var. Möhtərəm prezidentimiz məsələnin sülh yoluyla həllinə çox çalışdı. Lakin qarşı tərəfin həddini aşması, Tovuz hadisələri səbr kasamızı daşdırdı.

– Bu gün biz həmrəyliyimizin pik nöqtəsindəyik. Nə qədər qürurvericidir ki, xalqımız, bütün dünya azərbaycanlıları prezidentin ətrafında sıx, yumruq kimi birləşib.

-Bəli! Çox gözəl mənzərə ilə üz-üzəyik. Bu xalq möhtəşəmliyini, birliyini, əzmini bir daha dünyaya bəyan etdi! Bu gün Azərbaycan xalqı və yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənc nəsil hər iki cəbhədə mübarizcəsinə, yüksək ruhla vuruşur. Torpaqlarımızın azad edilməsi böyük coşğu yaradıb. İndi hamı Ali Baş Komandanla, əsgərlə bir oyaqdır. Həyəanla cəbhədən müjdə dolu xəbər gözləyir. Şəhid valideynləri nə qədər mətindilər!

– Qardaş Türkiyənin Azərbaycana  dəstək olması böyük stimul yaratdı. 

– Türkiyənin qardaş kimi yanımızda olması bəzi dövlətlərdə qıcıq yaratdı. Amma onlar unudurlar ki, biz ətlə dırnaq kimiyik. Soyumuz bir, kökümüz bir, dinimiz bir, dilimiz bir… Bir də Mövlanənin dililə desəm, insanda gözəl olan üzdür, üzdə gözəl olan gözdür, amma insanı insan edən, ağızdan çıxan sözdür… Türkiyə hər zaman ağzından çıxan sözə sahib olub. Bu gün bunun bir daha isbatını verdi. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya verdiyi ” Zaferə kadar Azerbaycanın yanındayız!”- mesajı bu birliyin sarsılmazlığını, möhkəmliyini bir daha göstərdi dünyaya. Var olsun qardaş Türkiyə! Necə ki, 1918-20-ci illərdə eyni problemdən əziyyət çəkərkən də yanımızda idilər, indi də eynisidir. Tarix təkrarlanır!

Qarabağa yol çəkilir, işıq çəkilir…. Əsgər zinət verir o gedişilə…  Nə qədər gözəl səslənir. Bu barədə şərhinizi eşitmək istərdik.

– Azərbaycanın bugünkü uğurları bizi qürurlandırır. Ölkəmizin dinamik inkişafından, beynəlxalq aləmdə nüfuzundan, söz sahibinə çevrilməsindən ruhlanmağımız cənab İlham Əliyevin vətəninə olan sevgisinin təzahürüdür. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə hakimiyyətdə olanlar insanların ən kiçik sosial ehtiyaclarını belə ödəyə bilmirdilər.  Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də, Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər və tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm prezidentimizin siyasətinin bəhrələridir ki, bu gün bizi Qarabağa aparır. Artıq alınan yurdlarımızın abadlığı üçün lazımi tədbirlər görülür. Başqa bölgələr kimi artıq Qarabağda da həyat yenə canlanacaq, insanlar yurdlarında  qaynar həyat yaşamağa başlayacaqlar.

– İnşaallah! Maraqlı müsahibə üçün çox sağ olun, dəyərli ağsaqqalımız. Sonda əsgərlərimizə ürək sözləriniz?

– Mən zəfər müjdəsini eşidəndən çox kövrəldim. Bir el ağsaqqalı kimi həm prezidentimizə həm də cəbhədə döyüşən əsgər-zabitlərimizə məktub ünvanladım. Ali Baş Komandanımız bu gün  Azərbaycan tarixinin ən görkəmli səhifəsini yazır! Gələcək nəsillərə əmanət etmək üçün, dədələrimizin bizə əmanət qoyduğu ana torpağımızı, Qarabağımızı işğaldan azad etmək üçün bütün əzm və iradəsi ilə çalışır. Bunu bacarmaq üçün müdriklik və böyük iradə lazımdır ki, bu da var! Bu gün qüdrətli Azərbaycan və bu ölkəni qorumaq üçün də rəşadətli, nizami bir ordumuz var. O ordu ki, bu gün torpaqlarımızı işğaldan azad edir, doğma yurdlarımızda öz bayrağımız dalğalanır.  Bizim hər birimiz Vətənə xidmət etmək düşüncəsi ilə yaşamalıyıq. Bütün hallarda biz ağsaqqallar hansı dövrdən hara gəlib çıxdığımızı yaddaşda saxlamaqla gənclərə də xatırlatmalıyıq. Xatırladırıq da! Bu zəfərlər, qələbələr cənab İlham Əliyevin adı ilə tarixdə yaşayacaq, yaddaşlardan heç zaman siliməyəcək! Mən də bu xalqın seçilən ağsaqqalı kimi həm ölkə başçısına, həm də nizami ordumuzun hər bir zabitinə, hər bir əsgərinə minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Qarabağ bizim idi, onların sayəsində bizim də qalacaq!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qələbə günü görüşərik! Allaha əmanət olun!

 

Şərafət Şəfa,

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR