Mikayıl Cabbarov süni intellektin iqtisadiyyatdakı rolundan danışdı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.
Nazirlikdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, süni intellektin yaradılması və inkişafı potensialı barədə müzakirələrin aparıldığı sessiyada Mikayıl Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin və bununla əlaqədar olaraq müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının və rəqəmsal texnologiyalar dövrünə hazırlanmasının önəmini vurğulayıb.
Qeyd olunub ki, COVID-19 pandemiyası bu prosesi daha da sürətləndirib. Nazir 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib. Sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasına və böyük qayıdışa töhfə verəcək.
Qlobal iqtisadiyyatda rəqabət qaydalarını dəyişən dördüncü sənaye inqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilinin və koordinasiyasının həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Mikayıl Cabbarov qeyd edib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzinin (4SİM Afilə edilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb.
2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlamış 4SİM Afilə edilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Azərbaycanda bu mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, dördüncü sənaye inqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verəcək.
Sessiyada süni intellektin ticarət əməkdaşlığının inkişafına təsiri barədə sualı cavablandıran iqtisadiyyat naziri bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rolunu vurğulayıb.
Qeyd edək ki, bu ilin aprelin 2-də Azərbaycan və Türkiyə hökumətləri arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına töhfə verməklə, digər qonşu ölkələri də bu təşəbbüsə qoşulmağa, regional rəqəmsal əməkdaşlığa və ticarətin asanlaşdırılmasına təşviq edəcək.