Şərafət Şəfa:”İlk şəhidimiz Mikayıl Babayevi də unutmadıq”
Azərbaycanın başı üstündən qara buludlar heç vaxt çəkilməyib.
80-ci illərin sonlarında baş verən hadisələrdə gənclər daha fəal idilər. Sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənməkdə idi. Xüsusilə, hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub.
Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub. O, 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ulu öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, ilk şəhid kimi ,böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib.
“Azadlıq!”- sədası meydanı bürüyəndə rus ordusunun əsgərləri vəhşicəsinə millətin üstünə yeriyəndə dubinkalarla ilk qətliam edilən Mikayıl Babayev olub. O zaman kimin ağlına gələrdi ki, az müddətdən sonra 20 yanvar yaşanacaq və şəhidlərdən xiyaban yaranacaq.
Ona görə də Mikayıl Babayevin qəbri öz doğma kəndindədi.
Mikayıl Babayev 1989-cu il dekabrın 20-si şəhidlik zirvəsinə ucalıb. O gündən anası Həcərin gözləri tutulub. Yaxınlarının dediyinə görə, bir müddət sonra Mikayılın sevdiyi qız da intihar edib. Onlardan yalnız bir yadigar üzük qalıb. Qeyd edim ki, Mikayıl Babayev Yeni Azərbaycan Partiyası Nizami Rayon təşkilatının sədr müavini Ramin Əhmədovun və kikboksinq üzrə dünya çempionu Xəyal Əhmədovun dayısıdır.
Həmin qırğından sonra alovlanan Qarabağ hadisələri, erməni işğalı Şəhidlər xiyabanları yaratdı. Əsrlərlə bu problemdən əziyyət çəkən Azərbaycan böyük lider, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən həll olundu.
İndi biz müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş bir ölkəyik. 10 noyabr 2020-ci ildə Qarabağ işğaldan azad oldu. Biz hər zaman şəhidlərimizi məhəbbətlə anır, heç kimi unutmuruq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Şərafət Şəfa