Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artımından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla həyata keçirilməsi və əldə olunmuş nəticələrdən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb.

Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi qeyd olunub.

Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.

Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib, hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bildirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi ilə təbrik edən, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan video-görüş formatlı zirvə görüşü, eləcə də digər istiqamətlər üzrə həyata keçirilən video görüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev, Azərbaycanın növbəti sədrliyədək təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyindən əminlik ifadə edib.

Türk Şurasının Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi qeyd olunub.

Görüş zamanı tərəflər, habelə Türk Şurası çərçivəsində geniş sahələr üzrə həyata keçirilən əməkdaşlıq gündəliyi üzrə, növbəti zirvə görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək inkişafı yolları ətrafında fikir mübadiləsi aparıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR