“Xalqın Mehriban Əliyevaya böyük sevgisi və inamı var” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban Əliyeva 1964-cü ilin bu günü – 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açıb. Mehriban xanımın ziyalı ailəsində dünyaya gəlməsi onun gələcəkdə həm yaxşı təhsil almaq, həm də uğurlu karyera qurmaq istəyində mühüm rol oynayıb. O, 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirib. İmtahanlarda yüksək nəticələr əldə edən Mehriban xanım 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Mehriban Əliyeva 1 monoqrafiyanın, 4 kitabın və bir çox elmi məqalələrin müəllifidir. Onun fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və xalq arasında böyük nüfuz və hörmət sahibidir. Mehriban xanım həm də Heydər Əliyev Fondunun prezidenti kimi mühüm layihələrə rəhbərlik edir, əhalinin sosial problemlərinin həll olunmasında ciddi uğurlara imza atır. Bir sözlə, Mehriban xanım Əliyeva bu illər ərazində gördüyü işlərlə xalqımızın ümid yerinə çevrilib, uğurlu fəaliyyəti ilə insanların sevgisini qazanıb”. 

Missiya.Az xəbər verir ki, bu sözlər Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun Birinici vitse-prezidentin doğum günü ilə bağlı yaydığı açıqlamada qeyd olunub. R.Əhmədov qeyd edib ki, Mehriban xanımın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti çoxşaxəlidir: “Mehriban xanımın fəaliyyəti Azərbaycanla yanaşı region və dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Onun Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi xeyriyyə aksiyaları, humanitar layihələr həm Azərbaycan dövlətinin, həm də xalqımızın imici üçün müsbət nəticələr verir. Mehriban Əliyevanın səyləri ilə dünya xalqları və dövlətləri arasında aparılan təbliğat nəticəsində xalqımız xeyirxah, ölkəmiz isə sülhsevər kimi tanınır. Birinci xanım Pakistanda, Rusiyada, İtaliyada, Vatikanda və bir çox ölkələrdə həyata keçirdiyi humanitar aksiyalarla hörmət və sevgi qazanıb. Artıq onun təşəbbüsləri Azərbaycan sərhədlərini aşıb və dünya xalqları Mehriban Əliyevanı qayğıkeş və insanpərvər bir şəxsiyyət kimi tanıyır. Həyata keçirilən humanitar layihələr nəticəsində Azərbaycanın dünyadakı nüfuzu günü-gündən artır. Azərbaycanın dünyadakı çəkisinin artmasında Mehriban xanım Əliyevanın gördüyü işlərin xüsusi rolu var”.

R.Əhmədov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti barədə də danışıb: “Fondun gödrüyü işlər istər Azərbaycanda, istərsə də dünyada yüksək qiymətləndirilir. Birinci xanım Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir çox ölkələrində dini məbədlər, kurqanlar, məscidlər, sinaqoqlar, kilsələr və digər məbədləri təmir etdirib. Həmçinin Pakistanda qızlar üçün məktəb tikdirib və dünyanın bir çox yerlərində təhsil ocaqları onun təşəbbüsü ilə təmir olunub. Həmin ölkələr sırasında Rusiya Federasiyasının, Gürcüstanın, Hollandiyanın, Misirin, Pakistanın, Rumıniyanın adını çəkmək olar. Mehriban Əliyeva uşaqların təhsil almasına, elm və savada yiyələnməsinə böyük önəm verir. Ona görə də hər il təhsillə bağlı müxtəlif layihələr təşkil olunur. Layihələr çərçivəsində qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlara müxtəlif dərs ləvazimatları hədiyyə olunur. Birinci xanım Azərbaycanda təhsillə yanaşı tibb, həmçinin musiqi, rəssamlıq və digər incəsənət sahələrinə xüsusi diqqət ayırır. Talassemiyalı uşaqlara xüsusi qayğı göstərən Mehriban Əliyeva onların müalicəsi üçün dəstəyini əsirgəmir.
Daim dünyaya Azərbaycançılıq prinsiplərini, tollerantlığı təbliğ edən Mehriban xanım ölkəmizdə də tarixi abidələrimizə, ziyarətgahlarımıza və məscidlərimizə böyük həssaslıqla yanaşır. Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda tarixi abidələr, məscidlər və müxtəlif dini məbədlər təmir olunub və ya yenidən qurulub”.

Mehriban Əliyevanın pandemiya dövründəki fəaliyyətinə toxunan Ramin Əhmədov bildirib ki, o, Birinci vitse-prezident kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir: “Əvvəlcə onu deyim ki, Azərbaycanda koronavirusla mübarizə mükəmməl şəkildə qurulub. Nəticədə itkilərimiz o qədər də çox deyil. Azərbaycanda koronavirusla mübarizə çərçivəsində qazandığımız uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın xidməti böyükdür. Çünki onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən yardım aksiyaları nəticəsində yüzminlərlə ailəyə maddi və mənəvi kömək göstərildi. Bu təşəbbüs bir daha göstərdi ki, biz birlikdə güclüyük və bütün çətinliklərin öhdəsindən birlikdə gəlməyə qadir xalqıq! O, Heydər Əliyev Fonudunun qapısını döyən hər kəsə doğma münasibət bəsləyir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Mehriban Əliyevanın təşəbbüslərini, yardım aksiyalarını və ümumilikdə siyasi fəaliyyətini yüksək qiymətləndirir”.

Ramin Əhmədov qeyd edib ki, Mehriban xanım Əliyevanın həm siyasi, həm də humanitar fəaliyyəti Azərbaycan dövləti ilə yanaşı dünya ölkələri tərəfindən də yüksək qiymətləndirilir: “Birinci vitse-prezident həyata keçirdiyi mühüm xeyriyyə aksiyalarına və irəli sürdüyü təşəbbüslərə görə dünyanın nüfuzlu medal və ordenləri ilə təltif olunub. İlk növbədə qeyd edim ki, Mehriban Əliyeva göstərdiyi uğurlu fəaliyyətə görə Azərbaycanın ən nüfuzlu mükafatı olan “”Heydər Əliyev” ordeni ilə təltif olunub. Birinci xanım həmçinin BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, “Sreten” ordeni (Serbiya Respublikası), Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, Rusiyanın “Dostluq” ordeni, “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), UNESCO-nun “Qızıl Motsart” medalı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, , Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı ilə təltif olunub”. 

Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu siyasi fəaliyyəti nəticəsində Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini deyən Ramin Əhmədov bildirib ki, ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq: “Azərbaycan xalqı Prezidentimizin ətrafında sıx birləşib və Birinci vitse-prezidentin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Xalq olaraq bu birliyimiz dünyaya nümunədir. Azərbaycan xalqı bu birliyi qoruyub saxladığı müddətcə bütün çətinliklərin öhdəsindən uğurla gəlməyi bacaracaq! Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona çoxşaxəli fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Tanrı ona və ailəsinə yar və yardımçı olsun!”

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR