Bayram Yusifov:”Biz dövlətin qanununa və nizamnaməyə uyğun hərəkət edirik!”
“Azərbaycan Ağsaqqallar Şurası hər zaman olduğu kimi,karantin dövründə də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərib. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Şura, onun rayon və şəhər təşkilatları hesabat dövründə fəaliyyətlərini daha da genişləndirib”.
Bu sözləri Azərbaycan Ağsaqqalları Şurasının sədr müavini Bayram Yusifov Agsaqqallar.az saytına açıqlamasında bildirib. O, qeyd edib ki, Şuranın rəsmiləri və bütün üzvləri karantin dövründə dövlətin qoyduğu qanun və qadağalara hörmətlə yanaşıblar.
“Ağsaqqallarımız Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr veriblər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Həmişə olduğu kimi karantin dövründə də biz şuranın həyata keçirdiyi layihələr çərçivəsində dövlətimizə dəstək olmağa çalışmışıq. Maarifləndirmə işi və yardım aksiyaları həyata keçirmişik. Şura sədrinin qəfil dünyasını dəyişməsi fəaliyyətimizi müvəqqəti dayandırmağımıza səbəb oldu”.
Dəyərli ağsaqqal, şura sədri Fəttah Heydərovun dünyasını dəyişməsindən bir neçə saat sonra jurnalistlərin saysız-hesabsız suallarından incikliyini gizlətməyən şuranın sədr müavini onu da qeyd edib ki, mərhumun qırx mərasimindən sonra, karantin dövründə Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa əsasən iclasların, müşavirələrin keçirilməsi nəzərdə tututlub.
“Şura üzvləri onlayn fəaliyyətlərini davam etdirir, sayt və qəzet vasitəsilə maariflndirici təbliğat işi aparırlar. Şuraya yeni sədrin seçilməsi məsələsinə gəldikdə isə buna qərar qurultayda verilir. Hal-hazırda bu barədə danışmaq çox tezdir”-deyə B. Yusifov bildirib.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov avqustun 3-də 82 yaşında dünyasını dəyişib.
Agsaqqallar.az