“Təxribata görə Dövlət sərt üzünü göstərməli, xainlərə ağır cəza verilməlidir” – Ramin Əhmədov
“Ötən gecə xalqımızın Orduya dəstək mitinqinin sonunda baş vermiş hadisələr birmənalı olaraq təxribat idi. Çünki Bakı əhalisi meydanalara Ordumuza və Prezidentimizə dəstək üçün çıxmışdı. Belə bir niyyəti olan əhali heç vaxt Qanunverici orqanın binasına müdaxilə etməz. Birmənalı çəkildə deyə bilərik ki, axşam yaşanan təxribat xarici xüsusi xidmət orqanlarının xalqımızın birliyini pozmaq yönündə həyata keçirdiyi casus əməliyyatıdır. İçimizdəki təxribatçılar dövlət sərhəddində gərginlik başlayandan bəri xalqın birliyinə, Prezidentə dəstəyinə xələl gətirməyə yollar axtarırdılar. Daxildəki xəyanatkarların və xarici düşmənlərimizin əsas qorxduğu elə xalqın birliyidi, Prezidentin ətrafında sıx birləşməsidir!”
Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov xalqın Ordumuza dəstək mitinqində törədilmiş təxribatdan danışarkən deyib.
YAP rəsmisi bildirib ki, bu təxribata cəhdin məqsədi ölkəni qarışdırmaq, polislə xalqı üz-üzə qoymaq olub: “Amma onlar istədiklərinə nail ola bilmədi. Təxribatçılar polislə kobud rəftar etməyə cəhd göstərsə də, qanun keşikçilərimiz nümunəvi davranış nümayiş etdirirdilər və qarşıdurmaya getmədilər. Paytaxtda və ümumiyyətlə ölkədə vəziyyəti gərginləşdirməyə, belə həssas məqamdan istifadə edərək öz xain planlarını həyata keçirməyə cəhd göstərənlər, xalqın Orduya və Prezidentə dəstək aksiyalarından xidmət etdikləri dairələrin maraqları üçün istifadə etməyə çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır. Bütün suallara tez bir zamanda aydınlıq gətirilməlidir. Belə təxribatçı addımlar xalq tərəfindən də qəti şəkildə pislənilir. Eyni zamanda, Azərbaycan dövlətinə, xalqına düşmən kəslmiş internet kanalları, sosial şəbəkə səhifələri müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülməlidir. Araşdırılmalıdır ki, Orduya dəstək aksiyasının sonluğunda bir qrup təxribatçının ərazidən uzaqlaşdırılması üçün görülən zəruri tədbirləri niyə Meydan TV ciddi cəhdlə “xalqa qarşı divan tutuldu” şəklində təqdim edirdi? Aydın şəkildə görünürdü ki, kanalın əməkdaşı hadisələrin təhrif olunmasına, meydanda əslində nələrin baş verdiyini gizlətməyə çalışır və sanki düşmənə materiallar ötrürdü ki, sonra bizə qarşı istifadə olunsun. Bütün bunlar, eləcə də xaricdən yayımlanan digər iternet kanallarının fəaliyyəti araşdırılmalıdır”.
Ramin Əhmədov bildirib ki, son bir neçə gündə Azərbaycan xalqı tarixi birlik nümayiş etdirdi: “Bu birliyə xələl gətirilməsinə imkan verilməməlidir. Cəmiyyətin parçalanması, müxtəlif qruplara bölünməsi birliyimizin pozulması deməkdir. Anlamalıyıq ki, düşmən hər an bizi izləyir. Belə məqamda Prezident İlham Əliyevin ətafında sıx birləşməli, birliyimizə xələl gətirilməsinə imkan verməməliyik. Bizim ən böyük və ən güclü silahımız birliyimizdir. Düşmənlərimiz bundan qorxur, bundan ehtiyat edir. Bilirlər ki, birliyimizin, həmrəyliyimizin qarşısında tap gətirə bilməyəcək. Əlbəttə, təxribat cəhdləri bundan sonra da davam edəcək. Ona görə də bundan sonra daha məsuliyyətli olmalı, Dövlətimizin, Prezidentimizin ətrafında daha sıx birləşməliyik”.