Dünya birliyi tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevə göstərilən böyük etimad
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizənin ilk günündən regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, bu beynəlxalq tədbirlərdə dünyaya “COVID-19-a qarşı birlikdəyik» mesajı ünvanlandı. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezidentimiz İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Cənab İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü və ona verilən yüksək dəstək isə bu etimadın fövqündə dayanır.
Möhtərəm Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə bu reallığı diqqətə çatdırmışdır ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
Azərbaycanın ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırması və 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi birliyin, həmrəyliyin genişləndirilməsində, ehtiyacı olan ölkələrə dəstəyin göstərilməsində nə qədər maraqlı olduğunu sözdə deyil, əməli işdə də nümayiş etdirir.
Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi iki əks qütbün – Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı bir araya gətirilməsində müstəsna rol oynadı. Bir sözlə, Azərbaycan dünyanı birləşdirdi və cənab Prezidentimiz tərəfindən irəli sürülmüş fikirlər və təşəbbüslər dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.
Məhz bütün dünyaya Bakıdan “koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” mesajı ünvanlandı, çağırış olundu. Dövlətimizin başçısı İlham Əliyev Qoşulamama Hərəkatının videokonfras şəklində Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu BMT tarixində bir ilkdir və bu ilkə də cənab Prezidentimiz İlham Əliyev imza atdı. 130-a qədər BMT-nin üzv dövləti tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəkləndi. Bu beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Azərbaycanın 130 ölkənin dəstəyini qazanan bu təşəbbüsü bir daha ölkəmizə olan münasibəti, etimadı ortaya qoydu. Dünya dövlətləri tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda da möhtərəm Prezidentimiz İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklənir və vaxtında verilmiş, çox ehtiyac duyulan addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti bir daha vurğulanıb. Telefon danışığında əminliklə ifadə olunub ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Artıq BMT-nin 31-ci xüsusi sessiyasının ilkin gündəliyi də açıqlanıb və 10 iyul tarixində sessiyanın keçirilməsinə start verilib.
Təşəbbüsə qarşı çıxan yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə özünün faşist mahiyyətini bir daha təsdiqləyib, BMT sistemində və dünya dövlətləri arasında özünü tam rüsvay edib.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu artırmaqdadır. Ölkəmiz öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına, qlobal koronavirus pandemiyası ilə mübarizədə bütün səylərin səfərbər olmasına töhfələrinin davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısının davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması bunu bir daha təsdiqləyir. COVID-19-a qarşı mübarizəyə birgə cavabın axtarılması virusun sürətlə yayılmasından, onun növbəti dalğalarının yaşanmasından ciddi narahatlığın aydın mənzərəsini yaradır. Qoşulmama Hərəkatının videoformatda keçirilən konfransında Azərbaycanın təşəbbüslərini yüksək dəyərləndirən BMT-nin Baş katibi bildirmişdir ki, burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir.
Bəhman HÜSEYNOV,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı