Adil Əliyev: Qurtuluş Günü məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi tarixi bir gündür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Şübhəsiz ki, bütün xalqların tarixində öz müqəddəratını həll etdiyi müqəddəs bir gün var, hansı ki, həmin gün xalqın özünütəsdiq günüdür, xalqın gələcəkdə var olması həmin günlə müəyyən olunur. Xalqımız üçün bu böyük gün 15 iyundur. Biz həmin günü Qurtuluş Günü adlandırırıq, ona görə ki, dövlətimiz məhv olmaq, dövlətçilik ənənələrimiz yox olmaq təhlükəsindən qurtardı. Eyni zamanda, Qurtuluş Günü məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi tarixi bir gündür.

Qurtuluşumuz əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Xalqın xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında böyük bir addım atdı, xalqının səsini eşitdi, yenidən hakimiyyətə qayıtmaqla müstəqil dövlətimizi dünya xəritəsində silinmək təhlükəsindən birdəfəlik xilas etdi. Heydər Əliyevin böyük əməyi nəticəsində Azərbaycan çox qısa bir zamanda regionun liderinə çevrildi. Həmin günləri xatırlayarkən, Ulu Öndərin necə ağır bir dövrdə hakimiyyətə qayıtdığının şahidi oluruq. Ölkəmizin durumunu hamımız yaxşı xatırlayırıq. 1992-ci ildə qeyri demokratik şəraitdə və zoraki vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat tandeminin yaratdığı hərc-mərcliyin ölkəni uçuruma sürükləməsinin nəticəsində sözün əsl mənasında ölkəmiz məhv olmaq, parçalanmaq ərəfəsindəydi. Dövlət müstəqilliyimiz qazanıldığı gündən 1993-cü ilin iyunun 15-nə qədərki müddəti ölkəmizdə dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla, Xocalı, Şuşa kimi böyük faciələrlə və ərazimizin işğalı ilə xarakterizə edə bilərik. Bu dövlətin çörəyini yeyib və sonradan ona sadiq olmayan şəxslər öz maraqları naminə Azərbaycanı parçalamağa çalışırdı. Vahid dövlətçilik ənənəsi olan ölkəmizdə, bütün xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşamasına baxmayaraq, “Talış-Muğan Respublikası” elan edildi. Bu xaosun davamı olaraq Xalq Cəbhəsinin digər nümayəndəsi Surət Hüseynov və onun kimilər Vətən övladları iki cəbhəyə bölünmüşdü. Ərazimiz Ermənistan tərəfindən işğal edilən bir ərəfədə vətəndaşlar əldə silah üz-üzə dayanmış, qardaş qırğını başlamamışdır. Ölkəmizdə hökm sürən siyasi intriqalar, bölücülük fəaliyyəti, heç bir idarəçilik təcrübəsi olmayanların hakimiyyətə yiyələnmələri, dövlət çevrilişlərinə cəhd, vəzifədən sui-istifadə edərək qaçaqmalçılıq, terror, adam oğurluğu və özbaşınalıq gündən-günə artır. Dövləti düşdüyü bu çətin şəraitdən xilas etmək isə böyük bir problemə çevrilmişdi. Bu hadisələrin fonunda 1993-cü ilin iyunundakı Gəncə üsyanı ilə nəticələndi. Mövcud siyasi-iqtisadi və sosial böhran nəticəsində hakimiyyətin fəaliyyətini tamamilə sıradan çıxmışdır. Həmin vaxt hamının ümidi böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevdə idi və xalqın bütün kəsimləri başa düşürdü ki, onları bu bəladan yalnız Ulu Öndərin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas oluna bilər. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi və buna görə də ölkənin və xalqın bu bəladan qurtulması, dövlətin xilas edilməsi məsələsində oynayacağı rolu da, onun gücünü hamı aydın dərk edirdi. Məhv olma təhlükəsi qarşısında qalan Azərbaycan dövlətçiliyi dəhşətli, təhlükəli vəziyyətdən ümummilli liderimiz Heydər Əliyevin hadisələrə qətiyyətli və fəal müdaxiləsi nəticəsində çıxdı. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı və xilaskar hakimiyyətə qayıtdı. Xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir, sürətlə genişlənir, sadə xalq öz xilaskarı böyük siyasətçisi Heydər Əliyevin ətrafına toplaşırdı. 1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat cütlüyü xalqın əsaslı tələbini, özlərinin yaratdıqları xaosu nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib xilaskarlıq missiyasını öz üzərinə götürərək geri qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu dövrün ictimai tələbatına çevrilmişdi. 1993-cü il iyunun 15-də Parlamentin iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Nəticədə müstəqil Azərbaycan tarixində ən önəmli hadisə olan Qurtuluş Günü elan olundu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər dərhal Gəncə hadisələrini yatırdı və bütün ölkədə olan hərc-mərcliyin, anarxiyanın qarşısını almaq istiqamətində işlərə başladı və nəticədə də çox qısa bir müddətdə buna nail oldu. Millət və dövlət çətinliklərdən xilas oldu. Xalqın istəyi, arzusu reallaşdı. Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi. Xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirdi. Beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Ölkəmiz dünyada özünə layiqli yer qazandı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci və ən vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Məhz 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı və dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu Öndərin Azərbaycan xalqına olan böyük sevgisi idi ki, o, xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Böyük şəxsiyyət öz həyatını xalqa həsr etdi və daim deyirdi, “Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”. Böyük Öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən milli ideologiyanın əsası qoyuldu. Bütün sahələrdə ölkəmizin inkişaf perspektivlərini hazırlandı, reallaşdırıldı və onun ideologiyasının, siyasi kursunun davamı olaraq parçalanmaq təhlükəsində olan Azərbaycan bu gün dünyanın ən qabaqcıl ölkələrdən biridir. Bütün sahələrdə inkişaf təkcə bizi Qoşulmama Hərəkatı kimi böyük bir təşkilatın sədridir, BMT-nin qeyri daimi üzvü olmuşdur. Prezident İlham Əliyevin sözləri ilə desək – “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”. Bu gün biz, bütöv Azərbaycan xalqı və dünya azərbaycanlıları varlığımızı, müstəqilliyimizi, azadlığımızı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinə borcluyuq. Azərbaycan xalqı bu xidmətləri heç zaman unutmayacaq.

Adil Əliyev,

millət vəkili

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR