Əlbəttə, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Dövlət bütün zəruri tədbirlərə əl atır ki, koronavirus bəlasını minimum itki ilə adladaq. Dövlət qabaqlayıcı tədbirləri ilə ölkəmizdə pandemiyanın faciəvi hal almasına imkan vermədi. Azərbaycanda vəziyyət İran, ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrindəki kimi ağır olmadı. Vətəndaşlar mövcud reallıqları düzgün qiymətləndirməli, məsuliyyətlərini dərk etməli və dövlətin atdığı addımlara dəstək olmalıdırlar ki, pandemiya qısa müddətdə ölkəmizdən tamamilə çəkilsin və gündəlik həyatımız yenidən əzəli məcrasına dönsün. Daha ağır vəziyyətin yaranmaması, faciəvi halların yaşanmaması, vəziyyətin qeyri-müəyyən məcraya yönəlməməsi üçün qoyulan bütün qadağalara əməl etməliyik. Hər bir fərd anlamalıdır ki, onun məsuliyyətsizliyi yoluxmanın artmasına, ölüm sayının sürətlə çoxalmasına səbəb ola bilər. Vətəndaş dövlətin onun sağlamlığı üçün çəkdiyi əziyyəti, gördüyü tədbirləri, aldığı iqtisadi zərbələri nəzərə almalı, xüsusi karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməməlidir. Tələblər isə çox sadədir:
– Zəruri profilaktik tədbirlər davam etdirilməlidir;
– Hər bir vətəndaş 2 metrlik məsafə saxlamaqla bağlı tələblərə əməl etməlidir
– Qoruyucu maskalardan istifadə olunmalıdır.
Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qoruyucu maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.
COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Heç bir dövlət 1-2 ay ərzində bu virusa qalib gələ bilməyib. Ona görə də insanlarımız qoyulan bütün tələblərə, tətbiq olunan qadağalara tam şəkildə əməl etməlidirlər. Əks halda, nəinki iki günlük izolyasiya tədbirləri, əvvəlkindən də sərt karantin rejimi tətbiq oluna, iş yerləri yenidən bağlana, sms-lə icazə yenidən qüvvəyə minə bilər. Bu zərurətin yaranıb-yaranmayacağını isə vətəndaş məsuliyyəti göstərəcək. Vətəndaş məsuliyyətli olub qaydalara əməl etməklə öz işini, həyat tərzini asanlaşdırmış olacaq.