Rusiyadakı Azərbaycan diaspor mətbuatına dair ilk tədqiqat əsəri
Fikrimcə, xüsusi təqdimata ehtiyac yoxdur. Onun adı və imzası oxuculara çoxdan tanışdır. Söhbət 45 ildən artıq vaxtdır ki, Rusiyada və Azərbaycanda müstəqil jurnalist kimi fəaliyyət göstərən yazıçı-jurnalist, Qaradağ rayon Ağsaqqallar Şurası sədrinin müavini, Qarabağ müharibəsi veteranı Ramin Məmmədovdan gedir. Bircə onu xatırlatmaq istəyirəm ki, R. Məmmədov həyatının və yaradıcılığının böyük hissəsini Rusiyadakı alim həmvətənlərimizin, digər qabaqcıl və məşhur soydaşlarımızın üzə çıxarılmasına, bu ölkədəki diaspor təşkilatlarımızın fəaliyyətinin, fəallarının, mətbuat vasitələrinin uğurlarının, perspektivlərinin, Rusiya-Azərbaycan dostluq əlaqələrinin inkişafının, Azərbaycan-Qarabağ həqiqətlərinin təbliğinə və digər aktual məsələlərə həsr etmişdir. Qeyd olunan məsələlərlə bağlı o, rus dilində 20-dən çox kitab, hər iki ölkənin kütləvi informasiya vasitələrində yüzlərlə məqalə, oçerk, elmi-publisistik məqalələr yazıb çap etdirmişdir. Son zamanlarda isə o, iyirmi ildən artıq vaxt ərzində qonşu ölkənin 100 şəhərində araşdırıb topladığı materialları sistemləşdirərək, rusca “Odlar Yurdunun övladları Rusiya tarixində” (2011, 2013) adlı ensiklopedik portret-oçerklər kitabının üç nəşrini və ana dilimizdə “Rusiyada Azərbaycan mühacirət mətbuatı” monoqrafiyasını (2018) oxucularının mühakiməsinə vermişdir. Eyni zamanda doğulub boya-başa çatdığı kiçik vətəni Qəbələ camaatı qarşısında qismən də olsa borcunu vermişdir. Müəllifi olduğu üç kitabdan ibarət “Qəbələ: insanlar, talelər, ziyalılar” (1996, 1998), “Qəbələ ziyalıları” (2005) topluları dediyimizə sübutdur.
İndi əsas məqsədim, həmkarımın bu yaxınlarda işıq üzü görmüş “Rusiyada Azərbaycan mühacirət mətbuatı” (2018) adlı monoqrafiyası barədə sizləri məlumatlandırmaqdır.
Hesab edirəm ki, hörmətli oxucular da mənimlə razılaşar, Ramin Məmmədov əzablı bir yükü çiyinlərinə götürmüş və bütün maddi, mənəvi çətinliklərə, digər sıxıntılara sinə gərərək, əslində Rusiyada yaşayan, fəaliyyət göstərən və keçmişdə bu ölkəylə bağlı soydaşlarımızın və onların mətbuatının salnaməsini yarada bilmişdir.
Təəssüflə qeyd etmək istəyirəm ki, “Rusiyada Azərbaycan mühacirət mətbuatı” əsərində təmsil olunan 57 adda qəzet və jurnallar heç bir kitabxanada, eləcə də Milli Kitabxanamızda, arxivlərdə cəmləşdirilməyib, saxlanılmayıb. Onların hamısını, səfərləri zamanı müəllif özü bircə-bircə toplaya bilmişdir.
Burda mühacirət mətbuatı probleminə də toxunulur. Ramin Məmmədov kitabının ”Mühacirət mətbuatı tarixinə bir baxış” sərlövhəli fəslində bu barədə belə yazıb: “Mühacirət mətbuatı Azərbaycan milli mətbuatının mühüm bir hissəsidir, qoludur. Azərbaycan mühacirət tarixində mühacirət mətbuatının öz yeri, çəkisi, yolu, rolu və Azərbaycan həqiqətlərinin dünya ölkələrində yayımlanması sahəsində öz dəsti-xətti, üslubu, böyük əməyi vardır. Ona görə də alimlərimiz, ədəbiyyat, mətbuat nümayəndələri mühacirət mətbuatını araşdıran digər mütəxəssislər bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşırlar”. Sonra isə o, Xalq yazıçısı Elçin Əfəndiyevin 1991-ci ildə “Odlar Yurdu” qəzetində getmiş müsahibəsindən mühacirətə dair sitat gətirir: “… Eyforiyaya qapılmadan Azərbaycan mühacirətini bir qurum kimi öyrənməli, elmi-nəzəri şəkildə onun demoqrafik, siyasi-ictimai və sosioloji təsnifatını verməliyik”.
Tarix elmləri namizədi Nəsiman Yaqublu “Azərbaycan mühacirət irsi” (2011) kitabına yazdığı “Ön söz” məqaləsində qeyd edir ki, “Mühacirət irsinin sistemli şəkildə öyrənilməsi, həm də bütövlükdə uzun illər sovet ideologiyasının təsiri altında formalaşmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır”. Bu gün əminliklə demək mümkündür ki, SSRİ-nin çöküşündən sonra mühacirət ədəbiyyatına, mətbuatına və onları yaradanlara həsr olunmuş onlarla sanballı əsərlər çapdan çıxmışdır. Və bu əsərlər, doğrudan da bir çox qaranlıq məqamları aydınlaşdırır.
Ramin Məmmədovun əsərinin elmi redaktorlarından biri, professor Vaqif Sultanlı kitaba yazdığı “Ön söz” başlıqlı qeydlərində diqqətə çatdırır ki, “Rusiya və keçmiş Sovetlər Birliyi respublikalarında mövcud olan mühacirət irsi ilə bağlı araşdırmalar yox dərəcəsindədir. Bu isə təbii ki, Azərbaycan mühacirətinin fəaliyyətinin bütöv şəkildə canlandırılması işində müəyyən çatışmazlıqlara və naqisliklərə səbəb olmaqdadır.
Yazıçı-publisist Ramin Məmmədovun oxucuların mühakiməsinə verilən “Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı monoqrafiyası bu sahədə ilk addımlardan biri kimi diqqəti çəkir”. Əsəri yüksək qiymətləndirən V.Sultanlı daha sonra vurğulayır: “İnanırıq ki, Ramin Məmmədovun “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabı elmi və milli dəyərinə görə geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək, ədəbi tənqidçilər tərəfindən dəyərləndiriləcəkdir”.
Sevindirici haldır ki, mütəxəssislər bu kitab haqqında bir-birindən maraqlı fikir söyləyirlər. Belə ki, monoqrafiyanın digər elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli, əsərin əvvəlində getmiş “Mühacirət mətbuatı milli-tarixi gerçəklik kontekstində” adlı geniş məqaləsində yazır: “Müəllif sonuncu fəsildə “Rusiyada Azərbaycan mühacirət qəzet və jurnalları”nı xüsusi təsnifə tabe edərək konseptual formada təqdim edir. Qeyd edək ki, bu təsnifat müfəssəl informativ məzmuna malikdir. Bu hissədə Rusiyanın müxtəlif bölgələrində mövcud olan çoxsaylı qəzet və jurnallar məzmun, ideya, fəaliyyət çərçivəsində tədqiq olunur. Deməliyik ki, müəllif burada hətta olduqca lokal xarakter daşıyan və ixtisaslaşa bilməyən mətbu örnəklərini də diqqətdən kənarda qoymamış, onların fəaliyyət və təsir dairəsindən məmnunluqla söz açmışdır. “Vmeste”, “Ulu torpaq”, (1999, Sankt-Peterburq), “Media-forum” (jurnal) (1999, Moskva), “Azəri” (informasiya və reklam qəzeti) (1999, Moskva), “Dostluq-Drujba” (1999, Nijni-Novqorod), “Azerbaydjan” (1999, Vladivostok), “Azərros” (2000, Moskva), “Azəri” (2000, Sankt-Peterburq), “Azerbaydjan XXI vek” (2000, Moskva), “Araz” (2000, Kurqan), “Asudə vaxt” və “Millətin qəzeti” (2001, Moskva), “Azerbaydjan-media” (2001, İvanovo), “Strana Oqney” (2001, Novqorod), “Azerbaydjanskiy Konqress”, “Son variant” və “Azerbaydjanskiy Konqress” (məlumat bülleteni) (2002, Moskva) və s. qəzet və jurnallar bu böyük siyahının kiçik hissəsidir. Müəllif adı çəkilən publisistik faktlar fonunda Azərbaycanda Qarabağ müharibəsi və ona münasibət, Vətəndə baş verən ictimai-siyasi, sosial-mədəni hadisələrə Rusiyadakı həmyerlilərin reaksiyası, skinxedlərin həmvətənlərimizə vurduğu zərər, haqq səsimizin dünyaya çatdırılması və digər məsələləri öyrənir. Lakin təəssüflə qeyd edək ki, bəzi hallarda mövcud qəzet və jurnallar diaspor birliklərinin divar kağızı mahiyyətindən informasiya orqanı olmaq vəzifəsinin sərhədlərini ötüb keçə bilmir. Amma, bütün hallarda, çox sayda və adda olan mətbu orqanlarını məhz Ramin Məmmədov ilk dəfə olaraq bir yerə toplayaraq onları eyni məntiqə tabe edərək təhlil və şərh edir. Zənnimizcə, bu, birbaşa olaraq onun vətəndaş mövqeyi ilə əlaqəlidir. Müəllifin buradakı təhkiyə ritmini elmi-analitik üslub müəyyənləşdirir”.
Yuxarıda “Rusiyadakı həmyerlilərimizin və onların mətbuatının salnaməsi” ifadəsinin işlədilməsi mübaliğəli görünməməlidir. Xatırlatma təsadüfi deyil. Bu məsələyə bir qədər aydınlıq gətirmək də faydalı olar. Lakin, bir məqamı da nəzərə çatdırmaq lazımdır ki, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlinin, 2016-cı ildə nəşr olunmuş “Müasir ədəbiyyat məsələləri (elmi məqalələr toplusu), IV” məcmuəsində çap edilmiş “Vətən eşqinə sürgün” adlı əsərində deyildiyi kimi “Mühacirət ədəbiyyatşünaslığını XX əsr hadisəsi kimi qiymətləndirən ədəbiyyat nəzəriyyəçisi professor Y.B.Borev bu ədəbiyyatın əsas özünəməxsusluqlarını belə qeyd edir: “… e) Vətəni həm daxildən, həm də xaricdən görür (çıxış və yeni sığınacaq nöqtələrindən dünyanın miqyaslı görünüşü; ə) Ölkələr, xalqlar, mədəniyyətlər arasında körpü salır”. Təbii ki, deyilənləri mühacirət mətbuatına da aid etmək mümkündür. Ona görə ki, müstəqillik illərində yaranmış Rusiyadakı milli mətbuatımız, indiki vəziyyətdə sözü gedən “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabından da gördüyümüz kimi, ilk növbədə, Ümummilli liderimiz Heydər Əliyev irsini və möhtərəm prezidentimiz İlham Əliyevin apardığı çoxşaxəli, irimiqyaslı, məqsədyönlü siyasəti geniş təbliğ etməklə məşğul olur. Digər tərəfdənsə ədəbiyyatşünasların, jurnalistlərin və digər mütəxəssislərin, bir sözlə, soydaşlarımızın bu ölkədə çap etdirdiyi bütün kitablar haqqında məqalələri məhz Rusiyadakı diasporumuzun mətbu orqanları öz səhifələrində yerləşdirir. Daha sonra, demək olar ki, Rusiyadakı mühacirət mətbuatımız on yeddi milyon kvadrat kilometrdən çox sahəsi olan Rusiyanın bütün subyektlərinə yayımlanır. Deməli son otuz il ərzində, yəni 1989-cu ildə Moskvada Tofiq Məliklinin öz məsləkdaşları ilə yaratdığı “Ocaq” milli-mədəni cəmiyyətinin “samizdat” “Çıraq” dərgisindən başlayaraq, həmvətənlərimiz öz qəzet və jurnalları vasitəsilə bu ölkədə qədim tariximizin, zəngin milli-mədəni irsimizin təbliği, milli adət-ənənələrimizin, ana dilimizin qorunub saxlanması istiqamətində diqqətəlayiq iş aparmışlar. Həmin proseslər bu gün də davam edir. Məsələnin başqa tərəfinə fikir verdikdə “Rusiyada Azərbaycan mühacirət mətbuatı”ndan öyrənirik ki, Moskvada Azərbaycan milli ictimai biliklərinin dəfələrlə keçirilmiş qurultayları, konfransları, müxtəlif mövzulu iclasları, orada yaşayan alim, şair və yazıçılarımızın yubiley tədbirləri, eləcə də, ölkəmizin, məşhurlarımızın yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslar haqqında materiallar mühacirət mətbuatının səhifələrində çap edilmişdir.
Kitabla daha yaxından tanış olduqca bir çox maraqlı amillər ortaya çıxır. Belə ki, müəllif hər bir mətbu orqanını ayrılıqda ciddi təhlil obyektinə çevirmiş, ona geniş səhifələr ayırmışdır. Məsələn, Moskvada çıxan və daha geniş miqyasda yayımlanan “Azerbaydjanskiy Konqres” qəzetinin araşdırılmasına 440 səhifəlik toplunun 31 səhifəsi ayrılmışdır, “Azerros” qəzeti 22 səhifədə təhlil olunur, “Azərbaycan diasporu” və “Asudə vaxt”ın hər birinin fəaliyyətinə dair təhlillər ayrılıqda 24 səhifə tutur. Bu təhlilləri nəzərdən keçirdikcə oxucuya məlum olur ki, dərgilərin hər birində yuxarıda qeyd etdiyimiz istiqamətlərin tərkib hissəsi kimi, Respublikamızın iqtisadiyyatının və onun əhalisinin 1941-1945-ci illər Böyük Vətən müharibəsində rolu, Azərbaycan-Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılması, ölkəmizə, məşhur adamlarımıza aid əsərlər və Rusiya paytaxtında yazıb-yaradan ədəbiyyat nümayəndələrimizin kitabları, adları çəkilən və digər mətbuat vasitələrimiz tərəfindən ətraflı işıqlandırılmış, oxuculara təqdim olunmuşdur. Bu mətbuat orqanları vasitəsilə geniş təbliğ olunan ədəbiyyatımızın bir istiqaməti kimi, Rusiyada yazıb-yaradan ədəbiyyat nümayəndələrimizin bədii və publisistik əsərlərinə həmin dərgilərin səhifələrində geniş yer verilir. Məsələn, araşdırmaların “Azərbaycan diasporu” qəzetinə həsr olunmuş hissəsindən aşkar görünür ki, bu nəşrin müxtəlif saylarında tanınmış yazıçı Çingiz Hüseynovun məşhur əsərləri lakonik təhlil edilir və onun ədəbiyyatşünaslıq sahəsində mövcud xidmətləri qeyd olunaraq, M.Ə.Sabir, C.Məmmədquluzadə, Səməd Vurğun, Mehdi Hüseyn və b. Azərbaycan yazıçı-şairlərinin həyat və yaradıcılığına həsr olunmuş əsərlər yazdığı da diqqətə çatdırılır. Eləcə də bu mətbuatda, Rusiyada yaşayan başqa şair, yazıçı soydaşlarımızın bədii əsərlərindən nümunələr dərc olunur, onların həyat və yaradıcılığı işıqlandırılır. “Asudə vaxt” qəzetinin əksər nömrələrində mütəmadi olaraq Moskvada yaşayan Sultan Mərzili, Nəsib Nəbioğlu, Reyhanə Aslanqızı, Afaq Şıxlı, Namiq Tapdıqoğlu və b. şairlərin yaradıcılığından nümunələr çap edilir.
Yoşkar Ola şəhərində Namiq Murad tərəfindən təsis olunmuş “Vətən” qəzetinin təqdim etdiyi bir çox aktual yazılar sırasında Müslüm Maqomayevin, Nazpəri Dostəliyevanın yaradıcılıq fəaliyyətinə, ümumiyyətlə, mədəniyyətimizə dair də məqalələr dərc olunur.
Rusiyadakı milli mühacirət mətbuatımız Azərbaycan-Qarabağ həqiqətlərini, məmləkətimizin tarixinin qaranlıq səhifələrini, 1918-ci il mart, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini daha geniş formatda işıqlandırır. Bu qəbildən olan yazılara, istisnasız, Rusiyanın bütün bölgələrində çıxan mühacirət qəzetlərimizdə rast gəlmək mümkündür.
Ədalət naminə xatırlatmaq düzgün olar və “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabından da aşkar göründüyü kimi, Moskvada çap edilən milli qəzetlərimiz – “Azerros”, “Azerbaydjanskiy Konqres”, “Azərbaycan diasporu”, “Millətin qəzeti” və başqa mətbuat vasitələri mütəmadi olaraq öz səhifələrində, Qarabağ faciəsinə və vətənimizin digər ağrılı hadisələrinə dair geniş materiallar çıxarırlar. Özü də səhifələri vərəqlədikcə diaspor təşkilatlarımızın bir-birindən maraqlı mədəni, siyasi baxıımdan vacib tədbirlər təşkil etdiyinin və bu yığıncaqların materiallarının mühacirət mətbuatımızda geniş işıqlandırılmasının şahidi oluruq. “Azerros” qəzetinə aid təhlillərdən məlum olur ki, 2000-ci ildə Azerros Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Rusiyada mövcud olan Azərbaycan ictimaiyyətinin Moskva şəhərində “Rusiya və Azərbaycan: tarix və müasirlik” mövzusunda elmi-praktiki konfransı keçirilmişdir. Toplantı ilə bağlı “Azerros” qəzetində getmiş materialdan görünür ki, tədbirdə Rusiya Dövlət Dumasının, Moskva şəhər hökumətinin, Moskva Şəhər Dumasının nümayəndələri, Rusiya Prezidenti yanında Dövlət Qulluqçuları Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Rusiya Təhsil Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, dövlət orqanları rəhbərləri ən aktual məsələlərə dair çıxışlar etmişlər.
Akademik T.K.Köçərli “Qarabağ xanlığı və Rusiya İmperiyası”, yazıçı-alim Çingiz Hüseynov “Azərbaycan-Rusiya əlaqələri görkəmli elm və mədəniyyət xadimlərinin taleyində”, Rusiya Təhsil Akademiyasının müxbir-üzvü Qədriyyə Səlimova XIX-XX əsrlərdə Azərbaycanda xalq təhsilinin inkişafı”, Rusiya Federasiyası Milli, Miqrasiya və Siyasət İşləri Nazirliyi departamenti rəhbərinin müavini O.A.Savçenko “Müasir Azərbaycanda rusların həyatı” adlı çıxışlar etmişlər. General-leytenant Kərim Kərimov isə öz çıxışında azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakından, Böyük Qələbəyə töhfələrindən söhbət açmışdır.
Qeyd edək ki, Konfransa Sankt-Peterburq və Vorkuta, Yaroslavl və Voronej, Tver və Kurqan, İjevsk və Tümen, Ryazan və Nijni Novqorod, Volqoqrad və İrkutsk, Pskov və Kareliyadan eləcə də bir çox başqa bölgələrdən gəlmiş Azərbaycan milli-mədəni birliklərinin rəhbərləri də qatılıblar. Göründüyü kimi bu qürur hissləri doğuran aktual toplantı milli diasporlarımız tərəfindən təşkil olunmuş və onların mətbuatında işıqlandırılmışdır.
“Rusiyada Azərbaycan mühacirət mətbuatı”ndan öyrənirik ki, Rusiyanın ən ucqar guşələrində soydaşlarımızın milli qəzet və jurnalları nəşr olunur. Məsələn, ən uzaq şəhərlərdən biri Vladivostokda Mübariz Əhmədovun təsisçiliyi ilə, Ramiz Zeynalovun baş redaktoru, Tatyana Kivayevanın buraxılışa məsul olduğu “Azerbaydjan” adlı müstəqil ictimai-siyasi və mədəni-maarif qəzeti 1999-cu ildə nəşrə başlamış və səhifələrində Rusiya-Azərbaycan isti münasibətlərini, Azərbaycan həqiqətlərini və mədəniyyətini təbliğ edən bir dərgi kimi oxucu rəğbətini qazanmışdır.
Çelyabinskdə, oxucularını maraqlı yazıları ilə mütəmadi sevindirən “Ozan” qəzetinin naşiri-təsisçisi “Press-Master” MMC Nəşriyyat Evi, baş redaktoru, bölgədə azərbaycançılığı geniş təblliğ edən və tanınmış diaspor rəhbəri Rəfail Quliyevdir. Peşəkar jurnalist və yazıçı xanım Esmira Şükürovanın baş redaktoru olduğu “Dostluq-Drujba” qəzetinin ilk sayı 2000-ci ilin avqust ayında Tümen şəhərində işıq üzü görmüşdür. Esmira xanımın rəhbərlik etdiyi “Birlik” adlı qəzet 31 iyul 2002-ci ildə Surqut şəhərində nəşrə başlamışdır. Esmira Şükürova 14 yanvar 2003-cü ildə Xantı-Mansiysk şəhərində də “Birlik” adlı qəzetin ilk nömrəsini oxucu mühakiməsinə təqdim edə bilmişdir. Araşdırmalar göstərir ki, E.Şükürovanın rəhbərlik etdiyi həmin nəşrlərdə Azərbaycan həqiqətləri ilə yanaşı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Geologiya nazirinin birinci müavini, Rusiya EA-nın müxbir-üzvü Fərman Salmanov və SSRİ Qaz Sənayesi naziri Sabit Orucov başda olmaqla, Tümendə neft yataqlarının tapılmasında, neftin çıxarılmasında, yeni şəhərlərin salınmasında azərbaycanlıların rolu geniş təbliğ olunur. Bu diyarda çalışan alim soydaşlarımız, mədəniyyat nümayəndələrimiz, iqtsadiyyat sahəsində fədakarlıq göstərən həmyerlilərimiz, bölgənin şəhərlərində yaradılmış milli icmalarımızın fəaliyyəti adı çəkilən qəzetlərdə dərc olunmuş geniş məqalələr, oçerklər, müsahibələr vasitəsilə ictimaiyyətə çatdırılmışdır.
Təqdirəlayiq haldır ki, təhlil obyektinə çevrilən hər bir mətbuat vasitəsinə dair müfəssəl məlumat verilir. Belə ki, haqqında söhbət gedən qəzetin və ya jurnalın yaranma tarixi, təsis edən şəxs və ya təşkilat, baş redaktoru, redaktoru, məsul katibi, ay ərzində neçə dəfə nəşr edildiyi və hansı təşkilatın mətbu orqanı olduğu, əsas istiqamətləri göstərilir.
Müxtəsər, çoxsaylı mətbuat vasitələrini araşdıran ciddi əsər haqqında belə bir qəzet yazısında kamil açıqlamalar vermək müşkül məsələdir. Desəm ki, bu toplu təkcə sahənin mütəxəssisləri, mühacirətlə, onun mətbuatilə maraqlananlar üçün yox, hər birimiz üçün maraq kəsb edir, yanılmaram. Odur ki, Ramin Məmmədovun “Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitabını hər kəs özü vərəqləyib nəzər yetirsə, təkcə oradakı mətbuatımız haqqında yox, qonşu ölkədə yaşayan həmyerlilərimizin və onların diaspor icmalarının fəaliyyətinə dair də çox şey öyrənə bilər. Mənsə bu nəşrlə bağlı daha bir qısa açıqlama verməyin faydalı olacağını düşünürəm.
Belə ki, kitabda “Azərbaycan milli mətbuatının tarixinə bir nəzər” sərlövhəli fəsildə milli mətbuatımızın keçdiyi keşməkeşli və şərəfli yol nüfuzlu mənbələrə istinadən layiqincə araşdırılır. Monoqrafiyanın “Azərbaycan mühacirət mətbuatı tarixinə bir baxış” adlı fəslində R.Məmmədov adı çəkilən problemə dair doqquz səhifəlik açıqlama verib. Bundan sonra gələn “Ruasiyada Azərbaycan mühacirət mətbuatının təşəkkülü” fəslində sərhəd qonşumuz olan ölkədə Azərbaycan diaspor mətbuatının təşəkkülünə müəyyən dərəcədə yol açmış, şərait yaratmış “Dərbənd” (1920, Dərbənd), “Odlar Yurdu” (1960, Bakı), “Panorama Azerbaydjana” (1991, Moskva), “Yurddaş” (1991, Bakı), “Sooteçestvennik” (“Çrezvıçaynoye proisşestviye” qəzetinə əlavə) (1999, Moskva), “Oqonyok” jurnalı (1899, Moskva) və b. kimi dərgilərin də xidmətlərini araşdırıb ortaya qoymuşdur. “Nəticə”, sonra isə rus və ingilis dillərində “Xülasə” başlıqlı yazılar nəşrin sonunda verilmişdir.
“Foto arxivi”ndəki şəkillər müəllifin səfərlər etdiyi Rusiya kimi böyük ölkənin ayrı-ayrı bölgələrində, xüsusilə də Moskvada həmvətənlərimizə ucaldılmış abidələri, orada dəfn olunmuş soydaşlarımızın məzarlarını ziyarət etdiyini, görkəmli adamlarımızla, qəzet redaktorlarilə, məşhur, alim həmvətənlərimizlə və digər ziyalılarla görüşlərini göstərir. Eləcə də, nəşrdə istifadə olunmuş 318 adda qəzet, jurnal, kitab, arxiv materialları kimi müxtəlif nümunələr “Ədəbiyyat siyahısı” başlığı altında təqdim olunmuşdur.
Hazırda Ramin Məmmədov “Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı” əsəri və başqa kitablar üzərində işləyir, eyni zamanda ictimai fəaliyyətini davam etdirir. O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Qaradağ rayon Ağsaqqallar Şurası sədrinin müavini olmaqla yanaşı, həm də Rayon Polis İdarəsi Veteranlar Təşkilatı sədrinin müavini, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ Rayon Filialının üzvü qismində kifayət qədər tədbirlərdə iştirak edir. Fərəhləndirici haldır ki, təkcə son illərdə onun fəaliyyəti Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Fəxri fərmanları ilə dəyərləndirilib. “Xalq qəzeti”ndə (20.07.2014) “Azərbaycan həqiqətlərinin yorulmaz təbliğatçısı”, “Olaylar”da (02.07.2014) “Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti Ramin Məmmədovun nəşrlərində”, “Azad Azərbaycan”nın (22.10.2014) səhifələrində “Azərbaycançılıq naminə çalışan insan”, “Qəbələ” qəzetində (19.04.2017) “Daim axtarışda”, “Türk Dünyası Ağsaqqalları” qəzetində (10-16.05.2017) “Başqaları üçün yaxşı iş görmək vəzifə deyil, zövqdür”, “Вышка” qəzetində (24.08.2007) “Своих героев он встречал в городах России” (“O, öz qəhrəmanları ilə Rusiya şəhərlərində görüşmüşdür”) sərlövhələr altında getmiş yazılar onun yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Biz də Ramin Məmmədova tutduğu çətin və şərəfli yolda uğurlar arzulayırıq.
Şərafət Şəfa