“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
Sumqayıt Dövlət Dram Teatrında 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Xeyir xəbər” tamaşasının premyerası keçirilib.
Səhnə əsəri Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesi əsasında hazırlanıb. Pyes müharibənin psixoloji tərəflərini göstərir. Tamaşada bir ailənin timsalında qələbəyə gələn yolun əziyyətləri, sarsıntıları da təqdim olunur. Mədəniyyət Nazirliyinin yaradıcı gənclərə qayğısının bariz nüməsi olaraq gənc, istedadlı rejissor Fuad Cavadzadə Nazirliyin tövsiyəsi ilə teatrımıza dəvət olunub və tamaşaya quruluş verib. Səhnə əsərinin quruluşçu rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Aynur Hümbətova, Elay Xasıyev, Siyavuş Mahmudov, Məryəm Hüseynli, Akif Mirzəyev çıxış edirlər.
Premyeranı Bakı və Sumqayıtdan ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər izləyiblər. Yeni səhnə əsəri alqışlarla qarşılanıb. Təzimdə yaradıcı heyətlə bərabər müəllif Əli Əmirli də səhnəyə dəvət olunub.Qeyd edək ki, tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunub.