DƏYƏRLİ KİTAB

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu yaxınlarda Dədə Ələsgər İctimai Birliyinin sədri Xətai Ələsgərli mənə bir

kitab bağışladı. “Ələsgər ocağı” adlanan bu kitabın üstündə baxdım “I hissə” yazılıb. Kitabı görəndə çox sevindim, axı Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərlə neçə

illər AMEA Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsində işləmişəm. Xətai

müəllimi də yaxşı tanıyıram.

Yadımdadır, həmişə sazdan-sözdən söz düşəndə İslam müəllim hərdən bir ah

çəkərdi:

– Adam hər istədiyini eləyə bilir ki…

Mən ona təəccüblə baxsam da, dillənməzdim. İslam müəllimin xasiyyətinə

yaxşı bələddim. Həmişə müsahibini diqqətlə nəzərdən keçirərdi ki, görsün ona diqqətlə qulaq asır, yoxsa… Nəhayət, ortalığa çökən sükutu yenə o pozdu:

– Bilirsənmi, nəyi deyirəm?!..

Çantasından “Ələsgər ocağı” kitabını çıxarardı:

– Görürsənmi, bu əl boyda kitabı?! Burada Aşıq Ələsgər, ondan sonra gələnlər, onların ədəbi irsi verilib. Bu ürəyi geniş, zəngin yaradıcılıqları olan sənətkarların sözü-söhbəti xırda bir kitaba sığışdırılıb… Bir az imkan verilsəydi!..

Bəli, İslam müəllim haqlı idi. Bu cəfakeş tədqiqatçı bu yolda yorulmadan çalışırdı. Sonralar “Şair Məhəmməd”, “Aşıq Talıb”, “Növrəs İman”, “Aşıq Nəcəf” və

digər kitabları da çap etdirdi.

Yenə sözümün əvvəlinə qayıdıram. Bəli, bu kitab məni çox sevindirdi. Burada İslam müəllimin bu qeydlərini xatırlayıram: “Bu qohumların evi həmişə sazlı-

sözlü olub. Nə zaman könülləri istəsə, birinin qonağı gələndə, yaxud da başqa bir

şənlik münasibətilə süfrə başına yığılıblar. Telli saz əldən-ələ gəzib, qocadan tutmuş uşağa qədər eyni məclisin çalıb-çağıranı olub. Bu nəsildən olan şair və aşıqlar

kiçik yaşlarından belə məclislərdə tədricən özləri də hiss etmədən püxtələşiblər.

Bunların hamısına bir söz deyə bilərik: “Ələsgər ocağının yetirmələri”. Sevindirici

haldır ki, rəhmətlik İslam müəllimin ürəyi istəyən kimi “Ələsgər ocağı” işıq üzü

görüb. Burada Aşıq Ələsgərin atası Alməmməd də olmaqla on dörd aşıq-şairin

(Aşıq Ələsgər, Aşıq Musa, Şair Məhəmməd, Bəşir, Aşıq Qurban, Şair Əbdüləzim,

Aşıq Talıb, Aşıq Nəcəf, Növrəs İman, Aşıq Musa, Həşim, Aşıq Əli, İsmixan)

şeirləri toplanıb. Haqqında söz açdığım Aşıq Musa Aşıq Ələsgərlə dost olan, bu

ocağa səmimi hisslərlə bağlı bir el sənətkarıdır, digər Aşıq Musa Məşədi Salehin

kiçik oğludur. Ələsgərlə dost olan Aşıq Musanın “Nə günahı telli sazın” adlı şeiri

dillər əzbəridir.

Məclisləri abad eylər,

Nə günahı telli sazın?

Məlul könülləri şad eylər,

Nə günahı telli sazın?

Yeki şəcər, yeki dəmir,

Ara vurmur, yalan demir.

Qazı kimi rüşvət yemir,

Nə günahı telli sazın?

Kitabda bir-birindən gözəl şeirlər adamı valeh edir. Ötəri də olsa hər şeirdən

bir parça, bir örnək verməyi özümə borc bildim.

Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

(Aşıq Ələsgər)

Alçaq dağlar başda qarı saxlamaz,

Mərd igidlər miras varı saxlamaz.

Laçın qaynağında sarı saxlamaz,

Tərlan oylağından aralıyam mən.

(Bəşir)

Hanı el şənliyi, toyu, büsatı?

Cavanlar minərdi, çapardı atı.

İtirdim əlimdən mən bu həyatı,

Bilmirəm ki, hara getdi, qəriblik.

(Aşıq Əli)

Ellər ürəyimdi, necə ki, sağam,

Onun sayəsində damağı çağam.

Başı buludlara dəyən bir dağam,

Çətin olmasa da, çətin olsa da.

(İsmixan)

Bu örnəklərdə Aşıq Ələsgər böyüklüyü, qüdrəti, tükənməz yurd sevgisi, Aşıq

Əli kövrəkliyi, vətənpərvərlik ruhu, Bəşir dürüstlüyü, İsmixan təbiəti, qüruru və

digər motivlər adamı sehrləyir, onu saza-sözə bağlayır. Bu poetik örnəklərdə Ələsgər ocağının nuru, istisi hiss olunur. Bu, könülləri sevindirir, dərdli qəlbləri dindirir, onlara sanki təsəlli olur, hər kəsə dünyanın gözəlliklərini anladır – duydurur

düşündürür insanı.

“Ələsgər ocağı” dəyərli kitabdır. Xeyirli, uğurlu olsun. Belə kitabların işıq

üzü görməsi mədəniyyətimizə, folklorumuza, Azərbaycan aşıq sənətinə xidmətdir,

sazımıza-sözümüzə verilən dəyərdir. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığı-

mı bildirirəm.

Tacir Səmimi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR