Qoşulmama Hərəkatının beynəlxalq proseslərə təsir gücü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”

Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. 2023-cü ilin sonuna qədər təşkilatda bu sədrliyin davam etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzu və qüdrətinin göstəricisidir. Bu gün Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadı var. Çünki ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi 2022-ci ildə bitəcəkdi. Bu ilin martın 2-də Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il uzadılıb. Ümumiyyətlə, son illər Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verir. İyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün keçiliməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür. Eyni zamanda, bununla Azərbaycan növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etmiş olub.

Müxtəlif ölkələrin nazirləri, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin 2019-cu ildən bu günədək həyatını itirən rəhbərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq çıxış edib. Cənab Prezident çıxışı zamanı Azərbaycanın Qoşulmama hərəkatındakı roluna toxunaraq deyib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu: “Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

Bu 4 il ərzində Qoşulmama Hərəkatında institusional inkişaf olub. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yaradılıb. Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası 2021-ci ilin noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində olub. Təsis iclasında  50-yə yaxın ölkədən 200-ə qədər nümayəndə iştirak edib. Ötən ilin iyulunda isə Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşir. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir. Bütün bunları Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olaraq qiymətləndirən Prezident İlham Əliyev hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlərin aparıldığını bildirib: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib”.

Üzv dövlətlərinin sayına görə Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat hesab olunur. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada əhəmiyyətli rol oynayır. Azərbaycanın mövqe və siyasətinə beynəlxalq rəğbət var. Bu, bir daha Azərbaycanın siyasətinə verilən qiymətin əlamətidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın ən çətin böhranlı günlərində, COVID-19 dövrünə təsadüf edib. Hətta bu günlərdə belə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində çox fəalıq göstərərək bir sıra təşəbbüslərlə çıxış edib və beynəlxalq tədbirlər keçirib. Azərbaycan məqsədi ehtiyacı olan ölkələrə dəstək vermək, koronovurusa qarşı beynəlxalq həmrəylik yaratmaq olub. Məhz Prezident İlham Əliyevin  təşəbbüsü ilə həyata keçirilən bu kimi işlər nəticəsində Qoşulmama Hərəkatının beynəlxalq proseslərə təsir gücü artıb.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR