TƏLƏBƏ YOLDAŞIM ABBAS

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Həyatda elə yaxşı adamlar olur ki, onların yaxşılıqları, xoş əməlləri unudulmur… Dilə gətirilir, yada salınır, minnətdarlıqla xatırlanır belələri. Çünki belə şəxslər şirin söhbətləri, mülayim xasiyyətləri, səmimiyyətləri ilə yadda qalır, adamda
həmişə xoş duyğular oyadırlar. Belələrindən biri də Abbasdı. Rzayev Abbas Fərman oğlu.

Mənim tələbə yoldaşım. Onun sözü, söhbəti də, xasiyyəti də, münasibəti
də adama xoş gəlirdi. Olduqca sadə, eyni zamanda mehribandı. Qaynar təbi vardı,
ədəbiyyatı, tarixi çox sevir, mədəniyyətə, adət-ənənələrimizə vurğundu. Yeri gə-
ləndə də hazırcavablığından qalmazdı:
– Mənim adım Abbasdı. Tarixdən məlumdu… Şah Abbas da, Həzrət Abbas
da, Tufarqanlı Abbas da olub… Məndə bu tarixi şəxsiyyətlərə oxşayan elə bir şey
yoxdu. Sadəcə şairəm. Məni şair eləyən kəndimizin sinədəftərləri, poeziya vurğunlarıdı. Belə söhbətləri, məclisləri çox sevirəm. Beləcə özüm də bilmədən o poeziya
dünyası deyilən aləmin qapısını açıb nə vaxt içəri daxil olmuşam, xatırlamıram.
Amma ürəyimdən gələnləri, yəni hisslərimi, düşüncələrimi misralara çevirmişəm.
Şairlik iddiasında olmamışam, sadəcə, ürəyimin səsinə qulaq asmışam. Mənə şeiri
Zeyvə kəndi yazdırıb. İlk bələdçim də, müəllimim də, qolumdan tutanım da doğma
kəndim olub. Onun ab-havası, poeziya mühiti məni də cazibəsinə salıb.
Bəli, Abbasın bu sözlərini xatırlayıram. Onun yaddaşımda qalan şeir parçaları
məni ötənlərə tərəf çəkir, gəl-gəl deyir. Adətən, həmişə Abbasla bərabər bir yerə
gedər, söhbət edərdik. Elə o vaxt dostum bir neçə şeirini də mənə oxuyardı. Bunlardan xatırladıqlarımı olduğu kimi verməyi məqbul hesab edirəm.

Hərdən dəli könül qanadlanıbdı,
Xəyal aləminə salıb yolumu.
Sözün qüdrətindən qəlb odlanıbdı,
Hiss-duyğu bürüyüb sağı-solumu.
Yazım, yazmayımmı?
Demişəm hərdən,
Kağıza tökülüb qəlbimin sözü.
Gözəl düşüncələr çıxmayıb sərdən,
Bulaq tək çağlayıb ilhamın gözü.
***
Ötən günlər yaddan çıxmır,
Gözlərimin önündədir.
Kəndimizin yollarında,
Uşaqlığın ünündədir.
Sanki bir yerdə gizlənib,
Bir az bəzənib, süslənib…
“Ay Abbas” deyə səslənib,
Mənim ötən günümdədir.
***
Yaxşı olar qəlb deyəni
Hərdən-hərdən yaza bilsəm.
Dərdi-qəmdən uzaqlaşıb
Könlümün qubarın silsəm…
…Ötənlərə yollanaram,
Şad oluban hallanaram.
Sevinərəm, dillənərəm,
Uşaqlıq çağına gəlsəm…

Allah sənə rəhmət eləsin, tələbə yoldaşım Abbas, yadımda-yaddaşımda elə bu
misralar qalıb. Yaxşı insanların həyatda yaxşı əməlləri, təmiz adı, söhbət-sözü, izi
qalır. Sən də belə nəcib insanlardansan, Abbas.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR