Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə münasibətinə əlavə bir güc qatdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. 2021-ci il iyunun 15-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur.

Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işlərinə start verməsi, eyni zamanda regionda nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasında maraqlı olması ölkəmizin münaqişədə deyil, sülh və davamlı təhlükəsizlik mühitinin yaradılmasında maraqlı olduğundan xəbər verir. Qardaş Türkiyə də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında maraqlıdır. Belə ki, Türkiyə şirkətləri prosesdə yaxından iştirak edirlər. Həyata keçirilən tikinti, quruculuq işləri nəticəsində Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaqdır. uşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular. Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ümumiyyətlə, Şuşa Bəyannaməsinin müddəaları ilə tanış olduqda Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq, bir millət maraqlarına əsaslanan, iki dövlətinin hər zaman bir-birinin yanında olmasını təmin edən, hər iki dövlətin birgə maraqlarını bütün dünyaya bəyan edən mühüm tarixi əhəmiyyətə malik sənəd olduğunu görmüş oluruq.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR