“Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin iki ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir.
“Şuşa Bəyannaməsi”nin həm qlobal, həm də regional önəmi çox böyükdür.
Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt “Şuşa Bəyannaməsi” qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən “Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
Mahiyyət etibarilə, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşunu stimullaşdırır. Bəyannamə iki ölkə arasında imzalansa da, bu sənəd həm də bütövlükdə bölgəyə işıq salır.
“Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır.
“Şuşa Bəyannaməsi”nin birinci ildönümü münasibətilə Şuşa şəhərində15 iyun 2022-ci il tarixində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyev müraciətində qeyd edib: “İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir. “Şuşa Bəyannaməsi” çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”.

Sevinc Hüseynova

Nizami rayonu 227 saylı tam orta məktəbin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR